“Bayram günlərində xaricə üz tutanlar yetərincədir”.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ölkəmizdə dekabrın 31-i, eyni zamanda yanvarın 1-i və 2-si qeyri-iş günləridir.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.
Əhalinin əksəriyyəti Yeni İli öz yaxınlarının əhatəsində qeyd etməyə üstünlük verir. Lakin bayram günlərində xaricə üz tutanlar da yetərincədir. Onlar turizm şirkətlərinin hələ bir ay öncədən başlatdığı ucuz səyahət kampaniyadan yararlanaraq, Azərbaycandan kənara çıxmaq istəyirlər. Bu səbəbdən, həmin şəxslər qeyri-iş günlərinin neçə gün davam edəcəyini daha erkən bilməlidirlər.
Təqvimə əsasən, dekabrın 29-u bazar gününə (qeyri-iş günü), 30-u isə bazar ertəsinə təsadüf edir. Həmin günlərdə dəyişiklik edilərək, 30 dekabrın 28 dekabra, cümə gününə təsadüf edən 3 yanvarın 5 yanvara keçirilmə ehtimalı var. Bu zaman bir həftə, yəni 29 dekabr – 4 yanvar aralığı qeyri-iş günü sayılacaq.
Amma A.Əli hələlik bu məsələyə dair qərarın qəbul edilmədiyini bildirib. O, hər şeyə yaxın günlərdə aydınlıq gələcəyini söyləyib.