Apple şirkəti öz təqdimatı çərçivəsində yeni iPhone modellərini təqdim etdi. Gözlənildiyi kimi yeni modellər iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max adlarını əldə etdilər. Beləliklə gəlin iPhone 11 modelindən başlayaq. iPhone 11 modeli keçən ilki iPhone XR modelinin davamçısıdır. Smartfon xarici görünüşcə iPhone XR-dən çox az fərqlənir. Ön paneldən smartfon dəyişilməz olaraq qalıb. Keçən ilki iPhone XR modelində olduğu kimi yeni iPhone 11 də 6.1 düym IPS Liquid Retina ekranı əldə edib. Bununla yanaşı ekran üzərində həmin çıxıntı hissə yerləşdirilib. Lakin arxa paneldən iPhone 11 modeli iPhone XR-dən fərqlənir.
Əsas fərqləndirici özəllik isə kameralar ilə bağlıdır. Belə ki, iPhone 11 modeli ikili arxa kamera modulunu əldə edib və həmin kamera modulu kvadrat formalı sahənin daxilində yerləşdirilib. Smartfon 12 MP (f/1.8 diafraqmalı və optik stabilizasiyalı obyektiv) + 12 MP (120 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) ikili arxa kamera ilə təchiz olunub. Hər iki kamera da saniyədə 60 kadr sürətlə 4K videoların çəkilməsini dəstəkləyir. iPhone 11-də həmçinin yaxşılaşdırılmış HDR Smart rejimindən də istifadə edilir. Bu rejim çəkiliş zamanı daha çox məlumatları analiz edərək kadrda kölgələrin düşməsinin qarşısını alır və ümumilikdə çəkilişin yüksək səviyyədə keçməsinə imkan verir.
Bununla yanaşı smartfon tamamilə yeni gecə çəkilişi rejimini əldə edib. Həmin rejim yaxşı işıqlandırılmamış mühitdə avtomatik olaraq aktivləşir. Smartfonun ön kamerasına gəldikdə isə o da 12 MP-ldir və saniyədə 60 kadr sürətlə 4K videoçəkilişini dəstəkləyir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Apple A13 Bionic prosessoru, 64/128/256 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Şirkət həmçinin smartfonun batareya həcmini də yüksəldib. Onun verdiyi məlumata əsasən iPhone 11 modeli iPhone XR-dən 1 saat çox çalışır. iPhone 11 modeli 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını əldə edib. Smartfonun gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. iPhone 11 20 sentyabr tarixində 699$-dan başlayaraq satışa çıxacaq.
Təqdimatın əsas diqqət çəkən modelləri isə keçən ilki iPhone XS və iPhone XS Max modellərinin davamçıları oldular. Onlar iPhone 11 Pro və iPhone 11 Pro Max adlarını əldə etdilər. Bu yeni modellər də keçən ilki iPhone modellərindən xarici görünüşcə demək olar ki, fərqlənmirlər. iPhone 11 Pro modeli iPhone XS ilə iPhone X modellərini təkrarlayır. Həmin çərçivəsiz Super Retina OLED ekran və ekran üzərində çıxıntı hissə. iPhone X-in təqdim olunmasından bəri ekran ölçüsü və forması heç dəyişməyib. iPhone 11 Pro modeli 5.8 düym ekrana, iPhone 11 Pro Max modeli isə 6.5 düym ekrana sahibdir. Xarici görünüşcə yeni iPhone modellərini əvvəlki modellərdən arxa panel vasitəsilə ayırmaq olar. Belə ki, Pro seriyasının modelləri kvadrat formalı sahənin daxilinə yerləşdirilmiş üçlü kamera ilə təchiz olunublar.
Şirkət təqdimat çərçivəsində bildirdi ki, yeni nəsil Super Retina OLED ekranlardan istifadə sayəsində ekranın enerji sərfiyyatı 15% aşağı salınıb. Şirkət yeni iPhone modellərində əsas diqqəti kameralara ayırıb. iPhone 11 Pro modeli 12 MP (f/1.8 diafraqmalı və optik stabilizasiyal) + 12 MP (f/2.4 diafraqmalı və 12 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv) + 12 MP (f/2.0 diafraqmalı və optik stabilizasiyalı teleobyektiv) üçlü arxa kamera ilə təchiz edilib. Hər 3 kamera modulu saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində çəkiliş etməyə imkan verir. Bununla yanaşı iPhone 11 Pro modelində Deep Fusion funksiyası ortaya çıxıb. Bu funksiyanın məğzi 9 kadr çəkməkdədir. 9 kadr çəkiləndən sonra sistem hər bir kadrdan uğurlu pikselləri seçərək yüksək keyfiyyətli tam fotonun alınması üçün həmin pikselləri bir tam pikselə çevirir. Bu funksiya istənilən çəkiliş vəziyyəti üçün nəzərdə tutulub.
Hər iki smartfonun kameraları eynidir. Yəni hər iki smartfon da 12 MP-lik üçlü arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunub. Adi iPhone 11-də olduğu kimi Pro seriyasının modelləri də Apple A13 Bionic prosessoru vasitəsilə çalışırlar. Ekran parlaqlığının və smartfon performansının yüksəlməsinə baxmayaraq Apple şirkəti yeni iPhone modellərinin çalışma müddətlərini də yüksəldə bilib. Belə ki, iPhone 11 Pro modeli keçən ilki iPhone XS-dən 4 saat çox, iPhone 11 Pro Max modeli isə iPhone XS Max-dan 5 saat çox çalışa bilir.
Bununla yanaşı Pro seriyasının modelləri də 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyasını dəstəkləyirlər. Smartfonlar 64/128/256 GB daxili yaddaş həcmləri ilə təchiz olunublar. Pro seriyasının modellərinin gövdələri də IP68 standartı üzrə sudan qorunma özəlliyini özlərində birləşdirirlər. Bununla yanaşı yeni iPhone modellərində Face ID texnologiyasının çalışma prosesi də 30% sürətləndirilib. iPhone 11 Pro və iPhone 11 Pro Max modelləri iPhone 11 ilə eyni gündə satışa çıxacaq. Yəni 20 sentyabr tarixində. iPhone 11 Pro-nun qiyməti 999$-dan, iPhone 11 Pro Max-ın qiyməti isə 1099$-dan başlayacaq.
©Technote.az