Dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağı düşməsinə Azərbaycan hökumətinin cavabı kifayət qədər tutarlı oldu. Hökumət indiyə qədər qazanılmış iqtisadi uğurları neft amili olmadan da eyni qaydada davam etdirmək iqtidarında olduğunu hər kəsə göstərə bildi.
Bir sözlə, yaranmış vəziyyətdə, real sektorun sürətli inkişafını təmin edə biləcək yeni bir islahat modeli ortaya qoyuldu. Bu yol çətin bir yoldur, lakin o, ölkə iqtisadiyyatının tam dayanaqlı olmasına aparan doğru bir seçimdir. Yeni iqtisadi islahat modeli kifayət qədər geniş əhatəlidir. Orada iqtisadiyyatın bütün sahələrinin maneəsiz inkişafına tam münbit bir şərait yaradılması nəzərdə tutulub.
Yeni iqtisadi islahat modelinin reallaşdırılmasını nəzərdə tutan və keçən ilin son aylarından başlayaraq ardıcıl şəkildə qəbul olunan qərarlar, artıq öz bəhrəsini verməyə başlayıb. Bu gün hökumət qeyri-neft sənayesinin, aqrar sahənin, nəqliyyat və tikinti sektorunun, turizmin inkişafına geniş bir meydan açan qərarlarla yanaşı, hər bir sahənin inkişafı qarşısında maneə ola biləcək bütün neqativ məqamların da aradan qaldırılması istiqamətində çox qətiyyətli addımlar atır. İllərlə kök salmış inhisarçılığın ləğvi, rüşvət və korrupsiyaya qarşı – “heç kim toxunulmaz ola bilməz” devizi ilə aparılan mübarızə, artıq öz bəhrəsini verməyə başlayıb.
Zaman-zaman şəhərə qazanc dalınca gəlmiş kəndli, indi geriyə – kəndə üz tutub. Çünkü o, artıq dövlətinin ona maneəsiz bir fəaliyyət meydanı açdığını görür. Biznes üçün yaradılan maneəsiz meydan ölkəmizə xarici iş adamlarının da marağını kifayət qədər artırıb. Belə münbit şərait, bundan sonra xarici investisiyaların daha böyük axınını təmin edəcəkdir. Bu gün xarici iş adamı Azərbaycanda təkcə neft-qaz sektoruna deyil, real sektora investisiyalar yatırmağa tam maraqlıdır. Dövlətin apardığı islahatlar bu investisiyaları daha da cəlbedici edə bildi.
Mayın 11-də Fransa Sahibkarlar Təşkilatının – MEDEF-in nümayəndə heyəti ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq”, “öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur” kimi fikirləri xarici investorları qeyri-neft sektoruna daha çox sərmayə yatırmağa çağrış idi. Artıq bu sektora sərmayələr qoymaqda maraqlı olduqlarını bildirən tək Fransız iş adamları deyil. Son zamanlar başqa inkişaf etmiş ölkələrin də iş adamları Azərbaycanda real sektora kifayət qədər investisiyalar yatırtmaq istəklərini bəyan ediblər.
Bu isə bütövlükdə çox yaxşı haldır. Çünkü ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafının təmin edilməsində xarici sərmayələrin rolu kifayət qədər böyük olacaqdır. Bir sözlə, yeni iqtisadi inkişaf modeli çərçivəsində aparılan islahatlar cari ildə qeyri-neft sektorunda kifatət qədər pozitiv nəticələrin, 2017-2018 – ci illərdə isə əsaslı yüksəlişin əldə olunmasına gətirib çıxaracaqdır.
Fikrət Yusifov