Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi prosesini davam etdirir. Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında qeyd edilir.
Rəsmi məlumatlara görə, hazırda respublika ərazisində ümumilikdə 111 383 ədəd belə aparat quraşdırılıb. Yeni nəsil NKA-ların istifadəsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyə üzərində nəzarətin gücləndirilməsinə imkan yaradır.
2026-cı ilin yanvar–fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553.1 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 635.8 milyon manat və ya 16.2 faiz artım deməkdir.
Bununla yanaşı, Azərbaycan Mərkəzi Bankı bildirir ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min ədəd artaraq 22 milyon 156 min ədədə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Debet kartlarının sayı illik müqayisədə 13.3% artdığı halda, kredit kartlarının sayı 7.6% azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız əməliyyatların genişlənməsinə də müsbət təsir göstərib. Belə ki, yanvar ayında ölkədaxili nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11.4% artıb.
2026-cı ilin yanvarı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin ümumi həcmi 7.687 milyard manat təşkil edib. Bu məbləğin 6.600 milyard manatı elektron ticarətin payına düşüb. Qalan vəsaitin 1.085 milyard manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.







