“Microsoft” korporasiyası Çinin “Bilibili” videoservisindəki rəsmi hesabında istehsal ediləcək yeni smartfon haqqında təsadüfən məlumat dərc edilib. Bir müddət sonra məlumat silinib, lakin onun keşlənmiş surəti müxtəlif saytlar tərəfindən oxuculara təqdim edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, “Surface Phone” adlanacaq qurğu “Continuum” rejimində təsviri istənilən düz səthə proyeksiya edə biləcək quraşdırılmış proyektorla təchiz ediləcək. Bununla yanaşı, smartfonun bu funksiyadan rahat istifadə üçün xüsusi çıxarılabilən altlığa malik olacağı ehtimal edilir.
Bildirilir ki, proyektor 1 saat fasiləsiz işləyə biləcək. Buna səbəb kimi istilikvermə və enerjidən çox istifadə göstərilir. Həmçinin, yeni smartfon xüsusi “Surface Pen” elektron qələmi ilə təchiz ediləcək. İstifadəçilər qurğunun daxilində yerləşdiriləcək qələm vasitəsilə “OneNote” əlavəsini ekrana bir dəfə basmaqla açmaq imkanı əldə edəcəklər.
Bundan başqa, qurğunun interfeysi barədə qısa məlumatlar əldə olunub. Belə ki, “Microsoft” nümayəndələri “Surface Phone” smartfonunun interfeysinin məhsuldarlıq və enerji sərfiyyatı arasında ideal balans təmin edəcəyini bildirsələr də, konkret xüsusiyyətlər barədə məlumat verməyiblər.
Analitiklərin ehtimalına görə, smartfon bu yaxınlarda işıq üzü görən və sınaqlar zamanı yüksək nəticələr nümayiş etdirən “Snapdragon 660” prosessoru əsasında işləyəcək. Lakin bir müddət əvvəl qurğunun “Snapdragon 835” prosessoru ilə işləyəcəyi barədə məlumatların yayılması səbəbindən bununla bağlı yekdil fikir yoxdur.
Həmçinin, qurğunun “Windows 10 Mobile” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi, adi “Win32” proqramlarını dəstəkləyəcəyi ehtimal edilir. Bu funksionallığın “Continuum” rejimi ilə məhdudlaşacağı naməlumdur.
“Surface Phone” smartfonunun satışa çıxarılma müddəti barədə məlumatın verilməməsinə baxmayaraq istifadəçilərə bir yox, “Surface Peking” və “Surface Slavonia” adı ilə iki yeni smartfon modelinin təqdim ediləcəyi gözlənilir.