“Hazırda bazarda milli valyuta çatışmazlığı yaşanır”.
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcini 3%-dən 5%-ə qaldırıb. Əsasən, təcrübədə uçot faiz dərcəsi artırsa, bu halda kommersiya bankları da ölkənin mərkəzi bankına uyğun olaraq kredit faizini qaldırır.
Azərbaycanda uçot faiz dərəcəsinin dəyişdirilməsi növbəti mərhələdə kredit bazarına necə təsir edə bilər?
Banklar üzrə mütəxəssis Əkrəm Həsənov açıqlamasında qeyd edib ki, AMB-nin qərarının kredit bazarına təsiri olmayacaq:
“Azərbaycanın kredit bazarı Azərbaycan Mərkəzi Bankın (AMB) uçot dərəcəsi ilə tənzimlənmir, və onlar arasında əlaqə yoxdur. Belə ki, Avropa Mərkəzi Bankı əgər uçot faiz dərəcəsini artırdığını deyirsə, bu o deməkdir ki, banklar həmin faiz dərəcəsinə uyğun əhaliyə kredit verir. Eləcə də ölkənin Mərkəzi Bankının kreditlərindən bütün kommersiya bankları istifadə edə bilir və kreditlərə çıxış əlçatandır.
AMB isə ölkədəki bütün kommersiya banklarına kredit vermir. Əgər belə olardısa, bankın son qərarı dərhal bazara təsir edərdi. Ona görə də, bankın son qərarı kredit bazarında əhəmiyyətli təsiri olmayacaq”.
Ə.Həsənov həmçinin qeyd edib ki, istisna etmək olmaz ki, AMB bundan sonra kommersiya banklarına mərkəzləşdirilmiş kreditlər ayırsın:
“Hazırda bazarda milli valyuta çatışmazlığı yaşanır. Ehtimal ki, AMB bunun öhdəsindən gəlmək üçün banklara kredit ayıracaq. Bu halda dövriyyədə milli valyutanın həcmi arta bilər. Çox güman ki, AMB də buna hazırlaşır. Elə buna görə də uçot faiz dərəcəsini artırır ki, banklara kredit verməyə başlasın. Amma bu halda da uçot faiz dərəcəsinin 5% olması da azdır. Mən gözləyirəm ki, yaxında 5%-dən də çox bunu qaldıracaqlar”.
“Azərbaycan prezidenti İlham Əliyev 2014-ci ilin dekabrında bu məsələ ilə bağlı fərman vermişdi.
AMB-ə tapşırılmışdı ki, kommersiya banklarına verdiyi kreditlər üzrə faiz dərəcəsi ilə AMB-nin uçot faiz dərəcəsi arasındakı fərq azaldılsın. Banklar 30%-dən istehlak krediti verir. AMB-nin bir əvvəlki uçot fazi dərəcəsi isə 3% idi. Arada isə 10 dəfədən çox fərq alınır.
Bir daha qeyd etmək istəyirəm, AMB-nin qərarı bu halda kredit bazarına təsir edə bilər ki, Avropa Mərkəzi Bankı kimi kredit hərracı keçirtsin. O hərraclarda bütün banklara kreditlər ayırsın”, – deyə o vurğulayıb.
“Uçot faiz dərəcəsi faizlərin azaldılmasına gətirib çıxarmayacaq”
Öz növbəsində, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov da kommersiya bankları ilə AMB-nin uçot faiz dərəcsi arasında kəskin fərq olduğunu qeyd edib:
“Bütün hallarda uçot faiz dərəcəsi ilə kommersiya banklarının verdiyi kredit faziləri arasında kəskin fərq var. Hesab edin ki, əvvəla uçot faiz dərəcəsi 3% idi. İstehlak kreditləri üzrə faiz dərəcəsi isə 29% idi.
Kredit faizləri uçot faiz dərəcəsindən 3 dəfədən çox baha idi. Son dəyişikliyə görə, ölkədə uçot faiz dərəcəsi 5%-dir, kredit faizləri isə 29%. Köhnə uçot faiz dərəcəi ilə hesabladıqda 10 dəfədən, indiki ilə hesabladıqda isə onlar arasındakı fərq 6 dəfədən çox olur.
Ona görə də, uçot faiz dərəcəsi faizlərin azaldılmasına gətirib çıxarmayacaq. Çünki əvvəki fərq və indiki fərq də onu göstərir ki, bu daha çox simvolikdir.
Əgər kredit faizi uçot faiz dərəcəsindən 6 dəfə, 10 dəfə çoxdursa, bu isə o deməkdir ki, uçot dərəcəsi kredit bazarına təsir etmir. Ona görə də AMB digər alətlərdən də istifadə edib kredit bazarına təsir etməyə çalışmalıdır. Çox təəssüf ki, uçot faiz dərəcəsi kredit bazarına təsiri baxımından əhəmiyyətli gücə malik deyil”, – deyə V.Bayramov qeyd edib.
Oxu.az