Hökumət müzakirəyə çıxardığı vergi islahatlarının büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıracağına çox inanır. Hər halda gələn il bu zamanlar real nəticələri praktik olaraq görmək mümkün olacaq. Qeyri-leqal məşğulluğun və «kölgə iqtisadiyyatının» məhdudlaşacağına daha çox vurğu edilir.
Amma cəmiyyətin də bunu bəri başdan nikbin qarşılaması üçün arqumentlər faktlar əsasında təqdim edilməlidir. Məsələn, hazırda kölgə iqtisadiyyatının real miqyası nə qədərdir və hökumət bununla bağlı real hesablamalara malikdirmi? Dövlət Statistika Komitəsinə inansaq, bizdə gizli iqtisadiyyat hesaba alınmayacaq qədər kiçikdir (7-8%).
Yaxud qeyri-rəsmi məşğulluğun real miqyası nə qədərdir?
Heç şübhəsiz, kölgə iqtisadiyyatının real miqyası Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmdən xeyli böyükdür. Amma iqtisadiyyatın hazırkı imkanlarının hökumətin inandığı qədər də böyük olmasına inanmaq çətindir.
Söhbət real potensialdan getmir. Məsələn, bizim real potensialımız yaxın 3 ildə 100 mlrd. dollar milli gəlir yaratmağa imkan verə bilər (hazırda 35 mlrd. dollardan da azdır). Amma mövcud idarəetmənin yaratdığı imkanlar şəraitində bizin milli gəlir, tutaq ki, gizli iqtisadiyyat nəzərə alınmaqla 50 mlrd. dolları ötmür.
Problem onadır ki, bizim qərarvericilər iqtisadiyyatı, iqtisadi prosesləri idarəetmədən, xüsusən siyasi idarəçilikdə kənarda tuturlar. Məsələn, hazırkı regional idarəetmə bölgə iqtisadiyyatını indikindən artıq inkişaf etdirmək üçün real əngəldir. Bu əngəl aşılmasa, heç bir stimullaşdırma tədbiri (ixrac üçün 3%-lik təşviq, investisiya təşviqi sənədi, vergi güzəştləri –hər nə olursa, olsun) vəziyyəti yaxşılığa doğru dəyişməyəcək. Baxın, 2004-ci ildən 14 il keçir: bu qədər proqramların icrasından, vergi güzəştlərindən, nəhəng investisiyalardan sonra Bakıdan kənar bütün bölgələrin ölkənin ümumi ixracında, büdcənin gəlirlərində, milli gəlirdə payı necə dəyişib? Yenə bütün bu göstəricilərdə 95-96%-lə Bakı lider, 4-5%-lə bölgələr autsayder.
İdarəetmənin forma və xarakteri iqtisadi islahatlar üçün təməl şərtdir. Sərt mərkəzləşmədən əksmərkəzəşməyə keçid islahatlarına nəhayət ki, başladılmalıdı. Bu günlərdə kimsə yazmışdı ki, şəhərin təyinatlı icra başçısı ilə seçkili şəxs tərəfindən idarə olunması arasında nə fərq var ki? Bu fərqi bilmək üçün yerli idarəetmə və yerli özünüidarə haqda çoxlu bilgiyə malik olmaq, regional inkişafda böyük uğurlara imza atmış ölkələrin təcrübəsinə baxmaq lazımdır. Bu gün dünyada yüksək rifaha, sahibkar azadlığına, balanslı bölgə inkişafına birlikdə nail olmuş bircə ölkə tapmaq deyil ki, indi orda əksmərkəzləşmə islahatlara baş verməsin, siyasi idarəçilikdə və iqtisadi sistemdə islahatlar paralel getməsin.
MÜƏLLİF:
RƏŞAD AĞAYEV
iqtisadçı, ekpert