14 C
Baku
Sunday, November 24, 2024

Yeni qanun qüvvəyə minib – Tezliklə bu partiyalara vəsait ayrılacaq

Ötən il qüvvəyə minən “Siyasi partiyalar” haqqında qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və seçkilərdə səs qazana bilən bütün partiyalara aid olacaq.

Belə ki, dövlət tərəfindən ayrılan vəsaitin 2,5 faizi parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Qeyd edək ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində 25 siyasi partiyanın nümayəndələri iştirak edib. Yeni Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Beləliklə, parlament partiyaları ilə yanaşı 14 siyasi partiyaya da maliyyə dəstəyi veriləcək.

Artıq siyasi partiyaların yeni maliyyələşmə mexanizmi ilə bağlı işlərə başlanılıb. Maliyyə Nazirliyi tezliklə partiyalara vəsait ayırmağa başlayacaq.

Məlumatı Ağ Partiyanın sədri Tural Abbaslı da saytımıza açıqlamasında təsdiqləyib.

“Qanunun maliyyələşmə ilə bağlı müddəası artıq parlament işə başladığı gündən tətbiq olunmağa başlayır. Həm parlament partiyaları, həm də seçkidə iştirak edib, parlamentə düşməyən siyasi partiyalar maliyyələşəcək. Burada maliyyə hesablaması siyasi partiyaların həm seçkilərdə iştirakına, həm də topladığı səslərə görə olacaq. Artıq proses başlayıb. Maliyyə Nazirliyi tərəfindən bizə məlumat verilib. Bəzi lazımi sənədlər artıq toplanılır. Həmin sənədlər Maliyyə Nazirliyinə təqdim olunacaq. Yəqin ki, artıq büdcədən ayrılmalı olan maliyyə yaxın günlərdə partiyanın hesabına keçəcək”, – o qeyd edib.

Qeyd edək ki, parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alacaqlar.

Müsavat Partiyası
Ağ Partiyası (AğP)
Azərbaycan Ümid Partiyası (ÜMİD)
Azərbaycan Xalq Partiyası (AXP)
Azərbaycan Demokrat Partiyası (ADP)
Ədalət Partiyası
Müasir Musavat Partiyası (MMP)
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP)
Yeni Zaman Partiyası (YZP)
Gələcək Azərbaycan Partiyası (GAP)
Haqq Ədalət Partiyası (HƏP)
Azad Vətən Partiyası (AZAD VƏTƏN)

Xatırladaq ki, 2024-cü ilin büdcəsində partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər