Xəbər verdiyimiz kimi, “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun 1 yanvar 2025-ci ildən qüvvəyə minib. Yeniliyi “vergiler.az”a vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edir.
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü bəndində edilmiş dəyişikliyə əsasən, ƏDV ödəyicisi olan vergi ödəyiciləri və əvvəlki 12 aylıq dövriyyəsi 200 min manatdan artıq olan ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin aylıq nağd ödənişlərinin həcmi öncəki aydakı ƏDV-daxil ümumi dövriyyənin 2% həddində ola bilər. Lakin bu hədd 50.000 manatdan artıq ola bilməz.
Dəyişiklikdən sonra “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.3-cü maddəsi bu redaksiyada verilir: “Bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir”.
Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Misal 1: ƏDV ödəyicisi olan vergi ödəyicisinin noyabr ayında ƏDV-daxil dövriyyəsi 1.800.000 manatdır. Bu zaman həmin ödəyicinin dekabr ayında apara biləcəyi nağd ödənişlərinin həcmi 36.000 manatadək ola bilər:
1.800.000 x 2% = 36.000 manat.
Qeyd etdiyimiz kimi, belə vergi ödəyicilərində aylıq nağd ödənişlərin həddi maksimum 50.000 manatadək yüksələ bilər.
Misal 2: Tutaq ki, qeyd edilən vergi ödəyicilərində əvvəlki aydakı əməliyyatın həcmi ƏDV daxil 2.600.000 manat olub. Bu dövriyyənin 2%-i 52.000 manat edir:
2.600.000 x 2% = 52000 manat.
Buna baxmayaraq, həmin vergi ödəyiciləri cari ayda yalnız 50.000 manat həddində nağd ödəniş apara bilərlər.
Əgər vergi ödəyicilərinin əvvəlki aydakı ƏDV-daxil dövriyyəsinin 2%-i 30.000 manatdan az olsa, bu zaman həmin ödəyicilərin apara biləcəyi aylıq nağd ödənişlərin həcmi yenə də 30.000 manat həddində qalır.
Misal 3: Vergi ödəyicisinin əvvəlki ayda ƏDV-daxil ümumi dövriyyəsi 140.000 manat olub. Bu məbləğin 2%-i 30.000 manatdan azdır:
140.000 x 2% = 2.800 manat.
Buna baxmayaraq, yenə də həmin ödəyici cari ay ərzində 30.000 manat həddində ödənişləri nağd qaydada apara bilər.
Digər vergi ödəyiciləri üçün isə qaydalar əvvəlki vəziyyətdə qalır. Yəni, onlar yalnız 15.000 manatadək olan ödənişlərini nağd qaydada həyata keçirə bilərlər.