2025-ci ildə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) xalis mənfəəti 111.5 mln. manat təşkil edib ki, bu, 2024-cü ilin 157.1 mln. manat xalis mənfəəti ilə müqayisədə 29% azalma deməkdir.
Banker.az xəbər verir ki, mənfəətin azalmasının əsas səbəbi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nın tələbinə uyğun olaraq xərclər hesabına xüsusi ehtiyatların yaradılmasıdır.
BOKT-lərin faiz gəlirləri 223.3 mln. manata enərək əvvəlki ilin 246.4 mln. manatı ilə müqayisədə 9% azalıb. Xüsusilə kreditlər üzrə faiz gəlirləri 243.2 mln. manatdan 222.6 mln. manata düşüb. Faiz xərcləri isə 37.0 mln. manatdan 46.6 mln. manata yüksəlmiş, nəticədə xalis faiz gəliri 209.4 mln. manatdan 176.7 mln. manata geriləyib. Qeyri-faiz gəlirləri 191.9 mln. manatdan 251.6 mln. manata yüksələrək 31% artıb, qeyri-faiz xərcləri isə 139.1 mln. manatdan 195.5 mln. manata qalxıb. Bunun nəticəsində əməliyyat mənfəəti 262.2 mln. manatdan 232.8 mln. manata enib.
Balans hesabatına görə, BOKT-lərin cəmi aktivləri 993.3 mln. manatdan 1243.6 mln. manata qədər artaraq 25% böyüyüb. Müştərilərə verilən kreditlər 808.3 mln. manatdan 1045.1 mln. manata yüksəlmiş, xalis kreditlər isə 716.9 mln. manatdan 923.1 mln. manata çatıb. Nağd vəsaitlər və cari hesablar müvafiq olaraq 2.3 mln. manatdan 8.0 mln. manata və 46.3 mln. manatdan 58.9 mln. manata artıb.
Öhdəliklər 536.9 mln. manatdan 679.3 mln. manata qədər yüksəlmişdir ki, bu, 26% artım deməkdir. Cəlb edilmiş vəsaitlər 241.0 mln. manatdan 287.0 mln. manata, xüsusilə banklardan cəlb edilmiş kreditlər 158.3 mln. manatdan 224.6 mln. manata artıb. Kapital isə 456.4 mln. manatdan 564.3 mln. manata yüksələrək 24% artıb, nizamnamə kapitalı 241.3 mln. manatdan 304.4 mln. manata çatıb, bölüşdürülməmiş xalis mənfəət 231.1 mln. manatdan 252.6 mln. manata yüksəlib.







