22 C
Baku
Tuesday, October 28, 2025

Yeni qaydaların təsiri hiss olunur: BOKT-lərin mənfəəti kəskin azaldı

Azərbaycanın bank olmayan kredit təşkilatları (BOKT) 2025-ci ilin yanvar–sentyabr dövründə təxminən 60,3 mln. manat xalis mənfəət əldə edib. Halbuki, ötən ilin eyni dövründə bu göstərici 149,2 mln. manat idi. Beləliklə, sektorun xalis mənfəəti 60% azalaraq kəskin geriləyib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, mənfəətin azalmasının əsas səbəbi kimi BOKT-lərin xərclər hesabına xüsusi ehtiyatların yaradılması göstərilir. Bu, “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”na uyğun olaraq, mümkün zərərlərin ödənilməsi üçün əlavə ehtiyatların ayrılması ilə bağlı olub.

AMB 2024-cü ilin noyabrında təsdiqlədiyi “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” sektora daha sərt tələblər gətirib. Yeni qaydaya əsasən, BOKT-lər üçün minimum nizamnamə kapitalı 300 min manatdan 1 milyon manata qaldırılıb, kredit risklərinin idarə edilməsi, xüsusi ehtiyatların yaradılmasıkapital adekvatlığı normaları sərtləşdirilib.

Faiz və bu qəbildən olan gəlirlər 232,96 mln. manatdan 162,7 mln. manata düşüb – bu, 30,2% azalma deməkdir.

Kreditlər üzrə faiz gəlirləri də eyni istiqamətdə azalaraq 230,7 mln. manatdan 162,3 mln. manata, yəni 29,7% azalıb.

Qeyri-faiz gəlirləri isə əksinə, 84,3 mln. manatdan 167,7 mln. manata yüksəlib – təxminən 2 dəfə artım (99%) müşahidə olunur. Bu, sektorun əməliyyat gəlirlərinin bir hissəsinin faiz gəlirlərinin azalmasını kompensasiya etdiyini göstərir.

Faiz xərcləri 27,1 mln. manatdan 33 mln. manata qalxıb (22% artım), qeyri-faiz xərcləri isə 98,2 mln. manatdan 131,1 mln. manata yüksəlib (33,5% artım).

Nəticədə, sektorun əməliyyat mənfəəti 192 mln. manatdan 166,3 mln. manata enib.

Əsas azalma səbəbi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların 10,3 mln. manatdan 97,5 mln. manata qalxması olub – bu təxminən 9,5 dəfə artım deməkdir. Bu artım, mənfəətin əhəmiyyətli dərəcədə azalmasına birbaşa təsir edib.

Aktivlər artıb

2025-ci ilin 9 ayı üzrə BOKT sektorunun cəmi aktivləri 979,9 mln. manatdan 1 mlrd. 44 mln. manata qalxıb, bu da 6,5% artım deməkdir. Müştərilərə verilən kreditlər 16,5% artımla 867,8 mln. manata qalxıb. Lakin, kreditlər üzrə mümkün zərərlərin ehtiyatı isə 2,1 dəfə artımla 120,2 mln. manata qalxıb. Beləliklə, qeyri-bank kredit təşkilatlarının xalis kredit portfeli 8,7% artımla 688 mln. manatdan 747,7 mln. manata çatıb.

İnvestisiyalar 35,9% artımla 107,2 mln. manata yüksələrkən, digər aktivlər isə 18,3% azalma il 100,2 mln. manata düşüb.

Sektorun cəmi öhdəlikləri 517,7 mln. manatdan 543,4 mln. manata artıb (5% artım). Artıma əsas drayveri cəlb edilmiş vəsaitlərdir ki, bu da son bir ildə 215,3 mln. manatdan 279,1 mln. manata yüksəlib. Bu, 30% artım deməkdir.

Əvəzində, mərkəzi idarəetmə orqanlarının 26,2 mln. manatlıq borc vəsaitləri tamamilə sıfırlanıb.

Kapital hissəsi illik 8,3% artım 500,7 mln. manata artıb. Nizamnamə kapitalı 230,4 mln. manatdan 275,2 mln. manata yüksələrkən, (19,5% artım), lakin bölüşdürülməmiş mənfəət 241,3 mln. manatdan 218,2 mln. manata azalıb (9,5% azalma).

Son xəbərlər
Digər xəbərlər