Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən həftə qəbul etdiyi qərar əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişin daşınması istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq. Bəs yeni şərtlərlə regionlardan sərnişin daşımaları necə təşkil olunacaq?
Avtovağzallara tapşırıq verilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirir ki, sərnişin qərarda adı çəkilən sənədləri kassadan bilet alanda təqdim etməli olacaq: “Avtovağzallara tapşırıq vermişik ki, I doza peyvəndin vurulmasını təqdiq edən sənəd və yaxud immunitet sertifikatı sərnişinlərdən tələb edilsin. Birdən artıq bilet alan şəxs hər bilet üzrə müvafiq sənədləri təqdim etməli olacaq. Bundan sonra avtovağzalın əməkdaşları sərnişinlər avtobuslara minən anda tələb olunan sənədlərin olub omamasını təkrar yoxlayacaqlar. Əhalinin böyük əksəriyyəti yeni qaydalardan xəbərdardır, ona görə onların tətbiqi ilə bağlı hər hansı növbələrin yaranacağını ehtimal etmirik”.
Hələ ki, heç nə məlum deyil
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natavan Bayramova isə deyir ki, hazırda təmsil etdiyi qurum müxtəlif istiqamətlər üzrə sabit cərəyandan dəyişən cərəyana keçid işləri aparır. “Enerji və digər resurslara qənaətə, xərclərin optimallaşmasına, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək olan bu işlər tamamlandıqdan sonra ölkədaxili sərnişin qatarlarının hərəkəti bərpa ediləcək. Sərnişinlərin qatarlarda gediş-gəlişinin necə təşkil olunacağı ilə bağlı qaydalar üzərində iş gedir. Təmir işləri tamamlandıqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.
Bu proses Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn və yoluxma riskinin azaldılmasına yönəldilən bütün tələbləri nəzərə almaqla həyata keçiriləcək. Yaşı 18-dən aşağı şəxslər istisna olmaqla, sərnişinlərin “COVID-19 vaksin sertifikatı” və ya COVID-19-a qarşı immunitet sertifikatının olması əsas şərtlərdən sayılır. COVİD-19 pasportlarının verifikasiyası qərarda qeyd olunduğu kimi xüsusi mobil tətbiqetmə vasitəsi ilə həyata keçiriləcək. Vaqonda sərnişinlərin yerləşdirilməsi və bilet satışı qaydalarına gəlincə, bu və digər məsələlər hazırda işlənilir”.