8 C
Baku
Monday, November 18, 2024

Yeni tikili binalarda bölünərək satılan mənzilləri almaq məsləhətdirmi?

Bakıda Mənzil-Tikinti Kooperativləri (MTK) bəzən təmirsiz (podmayak) bir mənzili iki və ya daha çox mənzillərə bölərək vətəndaşlara satırlar.

Belə mənzilləri almaq məsləhətdirmi?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc belə hallara tez-tez rast gəlindiyini deyib:

“Belə halların baş vermə səbəblərindən biri kiçik sahəli mənzillərə tələbatın daha böyük olmasıdır. Həm yatırım məqsədilə, həm də yeni qurulmuş ailələrin yaşaması üçün daha çox kiçik sahəli, bir otaqlı və ya bir otaqdan iki otağa düzəldilmə imkanı olan mənzillər seçilir. Kirayə mənzil bazarında da kiçik sahəli mənzillərə daha çox tələbat var. Mənzil alan çalışır ki, yaşayış üçün tələb olunan hissələr həmin mənzildə olsun. Bunlar əsas yaşayış otağı, köməkçi otaqlar, yəni mətbəx və ya sanitar qovşaqdır. Kiçik sahəli mənzildə yaşayış üçün minimal şərtlər varsa, bu, həm alıcı, həm də kirayənişin üçün məqbul hesab edilir. Ona görə də daha çox birotaqlı və ya bir otaqdan iki otağa düzəldilməsi mümkün olan mənzillər tələb olunur. Odur ki, MTK sahibləri sonradan böyük sahəli mənzilləri bölürlər”.

Şaxta problemi yaşanır

O, qeyd edib ki, belə bölgü olduqda mənzillərin hər birində yaşayış üçün zəruri olan köməkçi sahələrin, sanitar qovşağın olması vacibdir:

“Vahid mənzildə bir şaxta olur. Amma mənzil bir neçə yerə bölünəndə, şaxta problemi yaşanır. Çox zaman bunu həll etmək üçün MTK-lar bölgü aparanda qonşu mənzillərin şaxtasına keçid təmin edirlər. Çünki şaxtasız mənzilin olması mümkün deyil. Belə bölgü olubsa, alıcılar ilk növbədə mənzildə bütün komponentlərin olmasına baxmalıdırlar. Yəni ən azı, əsas otaqdan əlavə sanitar qovşaq və mətbəx olmalıdır.

Eyni zamanda mənzilin şaxta çıxışının hansı yollarla təmin olunduğu müəyyən edilməlidir. Divarlar da təhlükəsizlik baxımından önəm kəsb edir. Adətən daxili planlama dəyişiləndə MTK-lar özləri də bu təhlükəsizlik məsələsinə çox ciddi yanaşır. Çünki əsas divarlar zədə görərsə, sökülərsə, bu, ümumi binaya problem yaradar. Mənzildə əsas divarlara xətər toxunmayıbsa, yaşayış üçün hər bir şərait nəzərdə tutulubsa, mənzildən mərkəzi kommunikasiya vasitələrinə çıxışlar mövcuddursa, onun alınması problemli deyil”.

Daxili planlama qaydalara uyğun aparılmır

V.Oruc bildirib ki, belə mənzillərlə bağlı sənədləşmə problemi yaranır:

“Mənzilinə çıxarış almaq istəyən vətəndaş ilkin sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edir, həmin sənədlərə baxılır. Dövlət Xidməti binanın ümumi layihəsini nəzərdən keçirir və vətəndaşa hansısa dəyişikliyin olub-olmamasını bildirir. Dəyişiklik olubsa, yenidən ölçmə işləri aparılır və bu da vətəndaşın vaxt itkisinə və problemlə üzləşməsinə səbəb olur. Belə hallarda çox zaman müəyyən edilir ki, daxili yerdəyişmə müvafiq qaydalara uyğun aparılmayıb. Məsələn, mətbəx havasız yaxud şaxtaya çıxışı olmayan yerə keçirilib, anbardan mətbəx kimi istifadə edilib, yaxud həmin yerdə sanitar qovşaq yaradılıb. Bütün bunlar əlavə problemlərə səbəb olur. Məsləhətdir ki, sənəddə göstərilən parametrlərlə tam üst-üstə düşən, daxili planlaması qaydalara uyğun aparılan mənzillərə üstünlük verilsin. Yəni bir mənzildən digər mənzilin təşkil olunması ilə yaradılan yeni mənzilləri almaq çox da məqsədəuyğun deyil. Adətən bir mənzildən başqa mənzil yaradılırsa, bu, onun estetik görünüşündə də hiss edilir”.

AQC-nin sədri hesab edir ki, vətəndaşlar MTK-lardan mənzil alarkən binanın ümumi layihəsi ilə tanış olmalıdır.

V.Oruc məsləhət görür ki, MTK-dan mənzilin yerləşdiyi mərtəbənin planı tələb edilməlidir: “Həmin planda göstərilən divar və arakəsmələr dəyişilməyibsə, o mənzili almaq olar. Mənzili aldıqdan sonra orda əsas divarlara xətər gətirilmədən yerdəyişmə aparılması vətəndaşın öz səlahiyyətindədir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər