Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 9,5%-ə çatdırsa da, bu, hələ əmanətlərin sığortalanması üçün maksimal faiz həddini (12%) artırmağa əsas vermir. Bu barədə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum ilk növbədə yeni uçot dərəcəsinin bazara təsirinə baxmalıdır: “Sığortalanma faizinin artırılması bazarın reaksiyasından asılı olacaq. Əgər AMB-nin qərarından sonra əmanətlərin illik faiz dərəcəsində artım olarsa, o zaman faiz həddinin artırılması qaçılmaz olacaq. Əmanətlərin gəlirliliyində nəzərəçarpacaq artım olmasa, faizlərin artırılmasına ehtiyac olmayacaq”.
Bununla yanaşı, A.Cavadov qeyd edib ki, faizlərin artırılması həm də aidiyyəti dövlət qurumları ilə razılaşdırılmalıdır: “Sığortalı əmanətlərə görə kompensasiya limiti (30 min manat) aradan qaldırılıb. Son nəticədə, qorunan əmanətlərin həcmi yarım il ərzində 2 mlrd. manatdan 4,5 mlrd. manata qədər artıb. Bu təminatı verən dövlətdir və sığortalanma faizinin artırılmasına dövlət də razılıq verməlidir. Çünki, faiz artacaqsa qorunan əmanətlərin məbləği bir qədər də artacaq”.
Report