6 C
Baku
Sunday, December 15, 2024

Yeni Zelandiya ilə Avropa İttifaqı azad ticarət haqqında müqavilə imzalayıb

Yeni Zelandiya və Avropa İttifaqı (Aİ) danışıqları yekunlaşdıraraq azad ticarət barədə müqavilə imzalayıblar.

Bu barədə iyulun 1-də Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bəyan edib.

“Bu müqavilə Yeni Zelandiyaya 2035-ci ilədək Aİ-yə ixracının illik həcmini 1,8 milyard Yeni Zelandiya dollarınadək (1,1 milyard ABŞ dolları) artırmaq imkanı verəcək”, – deyə Baş nazirin hökumətin saytında yerləşdirilən bəyanatında qeyd edilir.

C.Ardern əlavə edib ki, Aİ ilə müqavilə COVID-19 pandemiyasından sonra ölkənin ixracını artırmaq üçün strateji cəhətdən mühüm, iqtisadi cəhətdən isə çox əlverişli sənəddir.

Qeyd edilir ki, müqavilənin qüvvəyə minməsindən sonra Yeni Zelandiyadan Aİ-yə ixrac edilən məhsulların 91 faizi ticarət rüsumlarından azad ediləcək. Bu, yerli sahibkarlara yalnız süd məhsulları və təzə mal ətinin tədarükündən 600 milyon Yeni Zelandiya dollarınadək (375 milyon ABŞ dolları) qənaət etməyə imkan yaradacaq. Bundan əlavə, kiviyə, balıq və digər dəniz məhsullarına rüsumların ləğvi 60 milyon Yeni Zelandiya dolları (37,4 milyon ABŞ dolları) gəlir gətirəcək.

Son məlumatlara görə, Aİ Yeni Zelandiyanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Belə ki, 2020-ci ildə tərəflər arasında ikitərəfli ticarət və xidmətlərin həcmi 17,5 milyard Yeni Zelandiya dolları (10,6 milyard ABŞ dolları) təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər