Yeni Zelandiya hökuməti Ukraynaya $8 milyon məbləğində yardım ayrılması barədə qərar qəbul edib. Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Piters məlumat verib. O, həmçinin fevralın 20-də Vellinqton tərəfindən Moskvaya qarşı tətbiq edilən sanksiyaları da şərh edib.
Nazirin XİN-in saytında dərc olunan bəyanatına görə, Yeni Zelandiya $5 milyon məbləğində vəsaiti “Ukraynanın mülki əhalisinə dəstək göstərən beynəlxalq tərəfdaşlara humanitar yardım” kimi təqdim edəcək. Piters qeyd edib ki, bununla ölkəsinin Kiyevə indiyədək ayırdığı humanitar yardımın ümumi həcmi $45 milyona çatacaq. Qalan $3 milyon isə Dünya Bankının idarə etdiyi Ukraynaya yardım fonduna köçürüləcək.
Fevralın 20-də Yeni Zelandiya anti-Rusiya sanksiyalar siyahısını genişləndirib və Rusiya nefti üçün qiymət tavanını Avropa İttifaqının daha əvvəl müəyyən etdiyi səviyyəyə — bir barel üçün $44,10-a endirib. “Bu, neftdən əldə olunan həyati əhəmiyyətli gəlirləri azaltmağa yönəlmiş düşünülmüş addımlardır”, – deyə Yeni Zelandiyanın XİN rəhbəri bildirib.
O əlavə edib ki, sanksiya siyahısına Belarus, İran və KXDR vətəndaşları da daxil edilib.







