Yeni Zelandiyanın sabiq Baş naziri Cim Bolcer 90 yaşında dünyasını dəyişib. O, 1990–1997-ci illərdə ölkənin hökumətinə rəhbərlik edib və yerli maori xalqı ilə barışıq prosesində mühüm rol oynayıb, “Reuters” yazır.
Agentliyin məlumatına görə, Bolcer uzun sürən xəstəlikdən sonra ailəsinin yanında vəfat edib. O, siyasi karyerası ərzində mühüm islahatlar həyata keçirib — qarışıq seçki sisteminin tətbiqi və maori tayfaları ilə ilk kompensasiya sazişlərinin bağlanması da bunlara daxildir.
Bolcer Yeni Zelandiyanın Böyük Britaniya konstitusiyalı monarxiyasından uzaqlaşmasını istəyən qətiyyətli respublikaçı idi. Siyasi fəaliyyətini başa vurduqdan sonra o, cəngavərlik titulundan imtina edib, lakin ölkənin ən ali dövlət mükafatı – Yeni Zelandiya ordeni ilə təltif olunub.