5 C
Baku
Tuesday, January 31, 2023

Yenidən cəza təyin edilən şirkətlər üçün cinayət-hüquqi tədbirlərin həddi müəyyənləşir

Əvvəllər barəsində cinayət hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cinayət –hüquqi tədbir təyin olunarkən müvafiq olaraq, Cinayət Məcəlləsinin 99-6.3-cü və 99-7.2-ci maddələrində nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət hüquqi tədbir tətbiq edilə bilməz.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 99-6.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə cərimə növündə cinayət-hüquqi tədbir aşağıdakı hədlərdə təyin edilir:

– böyük ictimai təhlükə törətməyən cinayətlərə görə – əlli min manatdan yetmiş beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən iki mislinədək miqdarda;

– az ağır cinayətlərə görə – yetmiş beş min manatdan yüz min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən üç mislinədək miqdarda;

– ağır cinayətlərə görə – yüz min manatdan yüz iyirmi beş min manatadək, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən dörd mislinədək miqdarda;

– xüsusilə ağır cinayətlərə görə – yüz iyirmi beş min manatdan yüz əlli min manatadək miqdarda, yaxud cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd mislindən beş mislinədək miqdarda.

Məcəllənin 99-7.2-ci maddəsinə əsasən, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə aşağıdakı müddətlərə təyin edilir:

– böyük ictimai təhlükə törətməyən cinayətlərə görə – bir ildən iki ilədək müddətə;

– az ağır cinayətlərə görə – iki ildən üç ilədək müddətə;

– ağır cinayətlərə görə – üç ildən dörd ilədək müddətə;

– xüsusilə ağır cinayətlərə görə – dörd ildən beş ilədək müddətə.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X