Yaponiya avtokonserni “Nissan”ın səhmdarları növbədənkənar ümumi yığıncaqda Karlos Qonu Direktorlar Şurasının tərkibindən xaric ediblər.
Onunla birlikdə şuradan Qonun yaxın adamı Qreq Kelli də kənarlaşdırılıb. Səhmdarlar eyni zamanda “Renault”un yeni prezidenti Jan-Dominik Senarın Direktorlar Şurasına daxil edilməsinə səs veriblər.
Xatırladaq ki, 2018-ci il noyabr ayının sonlarında “Nissan” “Mitsubishi” və “Renault” avtokonsernlərinin başçısı Karlos Qon Yaponiya maliyyə qanunvericiliyinin pozulmasında, konkret olaraq vergidən yayınmaq üçün şəxsi premiyalarını bilərəkdən aşağı göstərməkdə şübhəli bilinərək həbs olundu.
Tokio prokurorluğu Karlos Qonla yanaşı Direktorlar Şurasının üzvü Qreq Kellini də həbs edib. Belə ki, 2011-2015-ci iilər ərzində hər iki şəxs vergidən yayınmaq məqsədi ilə öz premiyaları haqda məlumatları təxminən 50 mlrd. yen (446,4 mln. ABŞ dollarına yaxın) az göstəriblər.
Ötən ayın 6-da Qon 9 milyon ABŞ dolları həcmində qirov müqabilində azadlığa buraxılsa da, aprelin 4-də başqa fırıldaqlarda şübhəli bilərək yenidən həbs edildi.
©Finans.az