9 C
Baku
Friday, December 13, 2024

Yenidən maliyyələşmə nədir?

Yenidən maliyyələşməyə bəzən restrukturizasiya da deyilir. İngilis dilindən tərcümədə restructuring nəyinsə strukturunun yenidən qurulmasını ifadə edir. Ona görə də bu iki terminin hər hansı birinə rast gəldikdə bilin ki, söhbət eyni anlayışdan gedir. Yenidən maliyyələşmənin sizə hansı hallarda kömək ola biləcəyinə bir az da aydınlıq gətirmək istərdik .

Yenidən maliyyələşməyə bir çox sahələrdə rast gəlməyiniz mümkündür. Misal üçün biznes sahəsində yenidən maliyyələşmənin aparılması, özəlləşdirmə biznesində yenidən maliyyələşdirmənin aparılması, banklarda yenidən maliyyələşdirmənin aparılması və s. Bəs banklarda yenidən maliyyələşmənin mahiyyəti nədir?

Bildiyiniz kimi siz bankdan kredit götürən zaman müqavilədə qeyd olunan faiz, müddət, və s. şərtlərlə həmin məbləği geri qaytarmalısınız. Lakin siz kredit borcunuzu müqavilədə qeyd olunan tarixdən 30 təqvim günündən artıq gecikdirsəniz sizin kreditiniz vaxtı keçmiş kreditlər adlanacaqdır. Bu zaman bank sizə restrukturizasiya olunmuş kredit təklif edəcəkdir. Banklarda əsasən müştərilərin maliyyə vəziyyəti pisləşdikdə və kredit borcunu geri qaytara bilmədikləri zaman yaranan problemləri aradan qaldırmaq üçün restrukturizasiyadan istifadə olunur. Yəni siz həmin bankdan borc aldığınız məbləği geri qaytara bilmədikdə və banka kredit borcunuz olduğu halda belə bank sizə yenidən kredit ayırır. Bu kredit sayəsində siz kredit borcunuzu geri qaytarır və sonradan aldığı krediti müntəzəm şəkildə banka geri ödəməli olursunuz.

Yenidən maliyyələşmənin növləri

Əgər müştəri əmək haqqını ayın 5-i ,kredit borcunu isə ayın 1-də ödəməlidirsə, bu zaman kredit borcunn hər dəfə gecikdirməməsi üçün bankdan xahiş edə bilər ki, kreditin ödəmə tarixi ayın 5-nə görə uyğunlaşdırsın.

Müştəri banka ayda 500 AZN pul ödəyir. Lakin bu ödənişi artıq edə bilmədikdə, bankdan xahiş edə bilər ki, aylıq ödənişini 300 AZN etsin. Bu halda bank götürülən kreditin müddətini artıracaqdır ki, qalan növbəti aylarda müştəri banka 300 AZN ödəsin. Qeyd etmək lazımdır ki, yenidən maliyyələşmə aylıq hesablanmış faiz məbləğindən az ola bilməz. Yəni 500 AZN-nin 150 əsas məbləğ, 350 faiz məbləğidirsə o zaman yenidən maliyyələşmədən sonrakı aylıq ödəniş 350 AZN –dən az ola bilməz. Çünki faiz gündəlik hesablanır və müştəri tərəfindən ödənilməlidir.

Borcalan rəhmətə getdiyi zaman, həmin şəxsin yaxınları məbləği və aylıq ödənişləri böyük olan krediti geri qaytara bilmədikdə bununla bağlı banka ərizə ilə müraciət edə bilər. Bu müraciət əsasında isə bank yenidən maliyyələşmədən istifadə edəcəkdir. Bu zaman müddət uzadılacaq və kreditin aylıq ödənişi nisbətən aşağı olacaqdır.

Yenidən maliyyələşmə olunmuş kreditlərdə belə bir nüans da vardır ki, adi şəraitdə bankın faiz və digər göstəricilərində güzəştə getməsə də, borclunun maliyyə vəziyyətinin pisləşməsi səbəbindən bank, kreditin qaytarılmasını təmin etmək məqsədilə müqavilədə nəzərdə tutulduğundan daha əlverişli şərtlərlə yenidən rəsmiləşdirilir.

Məsələn bu zaman müştəriyə təqdim olunan krediti faiz dərəcəsi aşağı olur, hesablanmış faizlərin alınması hüququndan tam və ya qismən imtina edilir, borcalan tərəfindən ödəniş aparılmadan əsas və faiz borclarının məbləği az olur və yaxud kreditin geri qaytarılma müddəti uzadılır.

Borcalana əvvəllər verilmiş kreditlər isə ümidsiz kreditlər adlanır ki, bu zaman borcalana yeni kreditin verilməsi üçün çox zaman ciddi təhlilin aparılır. Bu zaman isə kredit müştəriyə yalnız əvvəl verilmiş kreditin tam ödənilməsi şərti ilə ayrılır.

Bəs bankların bu sahədə mövqeyi nədir?

Banklar öz aktivlərinin təsnifləşdirməsini və onlara dəyən zərəri mümkün olduğu qədər aradan qaldırılmağa çalışırlar. Bu zaman isə adekvat ehtiyatlar yaradılır. Bu ehtiyatlar həyata keçirilən zaman daxili qayda və prosedurlar nəzərə alınır. Bu qayda və prosedurlarda isə bankın filial və yaxud digər struktur bölmələri üzrə aktivlərin təsnifləşdirilməsinin tənzimlənməsi və onlara nəzarət prosedurları müəyyən olunur. Daxili qayda və prosedurlarda həmçinin “ümidsiz aktivlərin” tanınması və onların balansdan silinməsinin prosedurları müəyyən olunur. Bank isə öz növbəsində problemli kreditlərə daim nəzarət edir və vaxtı keçmiş kreditləri geri qaytarmaq üçün lazımi qədər potensial göstərir.

Qeyd etmək lazımdır ki ,hazırda ölkəmizdə bu mexanizm o qədər də geniş tətbiq olunmur. Bu prosedurlardan istifadə olunmaması nəinki bank müştərilərinin hətta təsərrüfatçılıq sahəsində də məsuliyyətsizliyin artmasına və vaxtı keçmiş qarşılıqlı borcların yaranmasına gətirib çıxarda bilir.

Son xəbərlər
Digər xəbərlər