NASA ilə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) birgə hesabatlarına əsasən son 15 il ərzində planetin atmosferi, okeanları və torpaqları tərəfindən yığılmış istilik miqdarı iki dəfə çoxalıb. Yer kürəsinin enerji disbalansı (udulan Günəş enerjisi ilə kosmosa yenidən əks olunan enerji arasındakı fərq) 2005-ci ildən 2019-cu ilə kimi iki dəfə daha güclü olub. Bu isə o deməkdir ki, planetdə temperatur artmağa davam edəcək, buzlaqların əriməsi daha da sürətlənəcək və dəniz səviyysi daha tez yüksələcək. Bütün bu faktorlar isə hava stabilliyinə və məhsul təsərrüfatına təsir edəcəklər.
Yer kürəsində həyat Günəş enerjisi olmadan mövcud ola bilməz. Lakin həyat həmçinin kosmosa təkrar əks olunan enerji miqdarından da asılıdır. Planetin iqlimi isə bu həssas tarazlıqdan asılıdır.
Norman Loeb adlı NASA mütəxəssisinin sözlərinə əsasən qlobal temperaturdan əlavə olaraq müsbət disbalans effekti həmçinin daha davamlı quraqlıq dövrlərində atmosfer dövranının yerdəyişməsi ilə də bağlı olacaq. Peyklərdən əldə olunmuş məlumatlardan istifadə edərək alimlər aşkar ediblər ki, Yer kürəsi lazım olandan daha çox enerji əldə edir və bu da öz növbəsində planetin qızmasına səbəb olur. Bu disbalansdan olan enerjinin 90%-i okeanın payına düşür. Okean temperaturunun yüksəlməsi isə oksidləşməyə gətirib çıxardır və balıqlar ilə digər okean faunasına ciddi təsir göstərir. Disbalansın yerdə qalan 10% enerjisi isə atmosferdə yerləşir.
Bu energetik disbalansın əsas səbəbi isə əsasən antropogen faktorlardır. Söhbət, atmosferə ifraz olunan parnik qazlarından gedir.
Qlobal temperaturun yüksəlməsi ilə atmosferdə su buxarının miqdarı da yüksəlir. Bu isə planetdəki temperaturun daha da yüksəlməsinə səbəb olur. Qarlı örtüklər ilə dəniz buzlaqları Günəş şüalarını təkrar olaraq kosmosa əks etdirən təbii faktorlardır. Lakin qlobal istiləşmə səbəbilə bu faktorların sayları da getdikcə azalır. Qlobal istiləşmənin daha bir səbəblərindən biri də odur ki, Sakit okean 2014-cü ildən 2020-ci ilin sonuna kimi istilik fazasında qalıb. Ani olaraq soyuq fazadan uzunmüddətli isti fazaya keçid səbəbilə okean üzərindəki buludların sayı azalıb. Bu isə öz növbəsində okeanın daha çox Günəş şüası udmasına səbəb olub. “Ümid edirəm ki, energetik disbalansın tempi növbəti onilliklərdə aşağı düşəcək. Əks halda biz, daha ciddi iqlim dəyişikliklərinin şahidi olacağıq” – deyə Norman Loeb qeyd edib.