Yerli icra nümayəndələri tərəfindən verilən əmlaka dair sənədlər əsasında vətəndaşlar mülkiyyət hüququna yiyələnə biləcəklər.
Bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin sədri Nigar Alimova Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə olunmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Fərmanının mahiyyəti və üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə təşkil olunan brifinqdə məlumat verib..
O bildirib ki, təhlillər onu göstərdi ki, Bakı və ətraf rayonlarda, regionlarda icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən də torpaq ayrılma sənədləri vətəndaşlara verilib:
“2001-ci ilədək ölkədə yeri icra hakimiyyətlərinin yaşayış kateqoriyalı torpaq ayırmaq səlahiyyətləri var idi. Torpaq ayırmaq səlahiyyəti icra hakimiyyətləri orqanlarının özlərində idi. Təhlillər onu göstərdi ki, Bakı və ətraf rayonlarda, regionlarda icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən də torpaq ayrılma sənədləri vətəndaşlara verilib. Bu sənədlərin sayı çoxdur.
Nəzərə alsaq ki, vətəndaşlar uzun müddətdir həmin torpaq sahələri və onun üzərində olan tikililəri mübahisəsiz istifadə edirlər artıq bu dəyişiklik onlara icra nümayəndələrinin sənədləri əsasında da həm torpağa, həm də tikiliyə hüquq tanıma imkanı verəcək.
Önəmli məsələ odur ki, müvafiq icra hakimiyyəti strukturlarının səlahiyyəti ötürmə barədə qərarları olmadan belə yalnız nümayəndəlik qərarı əsasında mülkiyyət hüququnu əldə edə biləcəklər”.
Burada bir məsələni vurğulamaq lazımdır ki, həm 439 nömrəli fərmanın tətbiqi zamanı, həm də yeni fərmanın tətbiqi zamanı vətəndaşların əllərində olan sənədlərin arxiv əsasları mövcud olmalıdır.