24 C
Baku
Sunday, September 1, 2024

Yerli investorlar mebel istehsalı müəssisəsi yaradıb, xaricə də çıxarırlar

Sentyabrın 4-də Xırdalanda yerli investisiyalar hesabına qurulan yeni mebel istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Bununla əlaqədar keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, Mebel İstehsalçıları Assosiasiyasının nümayəndələri, sahibkarlar iştirak edib, bu barədə Banker.az-a Nazirlikdən bildirilir.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olan qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, aparılan sistemli islahatlar barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafına dövlətin dəstək mexanizmlərini diqqətə çatdırıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni mebel istehsalı müəssisəsinin istifadəyə verilməsinin Abşeron rayonunun inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə olacağını qeyd edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Abbasov kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin həyata keçirdiyi dəstək tədbirlərindən danışıb, bölgələrdə, o cümlədən Abşeron rayonunda fəaliyyət göstərən “KOB Dostu” vasitəsilə sahibkarlara göstərilən xidmətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən sahibkarlar əlverişli biznes və investisiya mühitini vurğulayaraq, özəl bölmənin inkişafı üçün yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.

Qeyd edək ki, 3 milyon manata yaxın investisiya qoyulmuş müəssisədə İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlar quraşdırılıb və 30 yeni iş yeri açılıb. Burada il ərzində 1200 dəst müxtəlif növ mebellər istehsal ediləcək. Müəssisədə istehsalın genişləndirilməsi və iş yerlərinin 100-ə çatdırılması nəzərdə tutulur.

Mebel istehsalı müəssisəsinin məhsulları daxili tələbatın ödənilməsinə yönəldilməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcəkdir.

Son xəbərlər
Digər xəbərlər