İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağı (DTH) və Azexport portalının tərəfdaşı EU4Digital təşəbbüsü ilə Azərbaycanda yerli şirkətlər üçün e-ticarət konsultasiya mərkəzi fəaliyyətə başlayacaq.
Bu barədə Mərkəzdən məlumat verilib.
Layihənin reallaşdırılmasında əsas məqsəd bizneslərə beynəlxalq bazara çıxış, logistika, marketinq, vergi və digər sahələrdə yaranan çağırışlarda dəstək olmaqdır.
2023-cü ilin mart, aprel və may aylarını əhatə edən layihədə iştirak Azərbaycan bizneslərinə beynəlxalq bazarlarda qeydiyyatdan keçmək, e-ticarət üçün düzgün məhsulları və onların marketinq strategiyasını seçmək, müştərilərə effektiv xidmət göstərmək, logistik imkanlardan istifadə, hesabın və ya məhsulun bloklanma səbəblərini anlamaq, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərə həll yollarını tapmaq imkanı yaradacaq. Layihə Amazon, Allegro, Ebay, Otto, ETSY, Bol.com, Zalando, Kaufland, Pigu.It kimi bazarları əhatə edəcək.
Xüsusi e-ticarət mövzuları və seçilmiş bazarlar (məsələn, Amazon, eBay) üzrə 4 qrup təlimi mart, aprel və may aylarında keçiriləcək. Sistem üzərindən audio/video/yazılı fərdi məsləhətləşmələr (hər şirkət üçün 5 saat) mart, aprel, may və iyun aylarında mümkün olacaq.
Qeydiyyat üçün https://bit.ly/3ZArEpR