Vətəndaşlarımız yay fəslində istirahət etməyə daha çox üstünlük verir. Ölkə daxilində istirahət edənlərin sayı isə çoxdur. Lakin qiymət və xidmətlərdən şikayət edənlər də az deyil.
Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, qiymətlər və xidmətlərlə bağlı şikayətlərlə qismən razılaşmaq olar.
Onun sözlərinə görə, regionlarda turizm yerlərində qiymət artımı bazar iqtisadiyyatına əsasən tənzimlənir.
“Bir çox yerli obyektlər xarici turistlər üçün nəzərdə tutulub. Azərbaycana turistlərin böyük əksəriyyəti ərəb ölkələrindən, Cənubi Asiyadan, bir hissəsi isə qonşu ölkələrdən gəlir. Bu ölkələrdən gələn turist kontingenti əsasən yüksək gəlirli insanlardır. Bu səbəbdən də qiymətlərin yüksək olması təəccüblü deyil. Ölkəmizə gələn turistlərin statistikası yüksəlir. Lakin xarici ölkələrə gedən turistlərin sayında azalma var. Hava nəqliyyatında qiymətlərin artması, viza almaqda problemlər və bir çox başqa səbəblər xaricə gedən turistlərin dairəsini məhdudlaşdırır. Bütün bunların fonunda daxili turizm inkişaf edir, genişlənir. Artıq xaricə istirahətə gedə bilməyənlər bölgələrimizi seçirlər. Beləliklə ölkə daxilində turizm xidməti almaq istəyən yerli turistlərin sayı artır.
S.Dübəndi qeyd edib ki, əgər turizm obyektləri əcnəbi turistin hesabına kifayət qədər böyük məbləğdə qazanc əldə edə bilirsə, o zaman yerli turistə xidmət arxa plana keçir.
“Biznes həmişə özünü yaxşı, rahat hiss etdiyi, daha çox qazana biləcəyi istiqamətə doğru qaçır. Bunlar reallıqlardır. Turizm mövsümündə bəzi rayonlara əcnəbilərin axını səbəbindən yerli turistlər hotellərdə kifayət qədər yer tapmır və ya qalan nömrələrin qiymətləri vətəndaşları qane etmir. Ölkədə yüksək səviyyədə xidmət göstərən nümunəvi obyektlər də çoxdur. Belə hotel və restoranlarda qiymətlər də yüksəkdir. Burada qeyd etmək yerinə düşər ki, turistlər tərəfindən də bununla bağlı anlaşılmazlıq var – yəni yüksək səviyyəli obyektləri seçərkən xüsusi hallar istisna olmaqla, aşağı qiymətlərə arxalana bilməzsiniz. Qeyd etmək yerinə düşər ki, hətta bu obyektlərdə standartlara cavab verməyən xidmətlər də var. Yüksək qiymətlərdən, pis xidmətdən və diskomfortdan şikayət edənlər həmişə olacaq”.
Assosiasiya sədri bildirib ki, dövlət biznesin qiymət siyasətinə qarışmır – və bu, aksiomdur.
“Amma bu o demək deyil ki, sferanın fəaliyyətini, o cümlədən qiymət formalaşması proseslərini tənzimləyən müxtəlif alətlər olmamalıdır. Bu vasitələrin dövrlərdə və ayrı-ayrılıqda deyil, vahid inteqrasiya olunmuş sistemdə işləməsi vacibdir”, – deyə o qeyd edib.