9 C
Baku
Monday, November 18, 2024

Yetkinlik yaşına çatmamış şəxslər sahibkar ola bilərmi?

Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslər yaşı 18-dən aşağı olan şəxslərdir. Bununla belə, şəxsin yaşının 18-dən aşağı olması onun sahibkar olmasını və işəgötürən qismində çıxış etməsini məhdudlaşdırmır.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən mövzu ilə bağlı vergi mütəxəssisi İlqar Əsədovun şərhini təqdim edir.

Qanunvericilik Əmək Məcəlləsinin 42-ci maddəsində işəgötürənə dair yaş həddi tələbi deyil, fəaliyyət qabiliyyəti tələbi qoymuşdur. Dəqiq ifadə etsək, fəaliyyət qabiliyyətli şəxs işəgötürən ola bilər.
Mülki Məcəlləyə əsasən, şəxs üç üsulla tam fəaliyyət qabiliyyətli sayıla bilər:

1. Yetkinlik yaşına çatdıqda;
2. Emansipasiya qaydası ilə;
3. Erkən nikaha daxil olmaq ilə.

Emansipasiya nədir?

Əgər hər hansı şəxs 16 yaşına çatmısdırsa və əmək müqaviləsi ilə başqa yerdə işləyirsə, yaxud vergi orqanlarında uçota alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, valideynlərin birgə razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarıyla tam fəaliyyət qabiliyyəti əldə edə bilər.

Bəs valideynlərdən biri razı olmasa, məsələ necə həll olunur?

Bu halda razı olan valideyn məhkəməyə müraciət etməklə və bu barədə müsbət məhkəmə qərarı ilə övladının tam fəaliyyət qabiliyyəti əldə etməsinə nail ola bilər.
Onu da vurğulamaq yerinə düşər ki, şəxsin əlilliyinin olması onun mülki hüquq qabiliyyətinə heç cür təsir etmir. Əlilliyi olmaq şəxsin mülki hüquq qabiliyyətinə deyil, əmək qabiliyyətinə təsir edən faktordur.

Son xəbərlər
Digər xəbərlər