Yol-nəqliyyat hadisəsi zamanı zərər cüzidirsə…

  •  
  •  
  •  
  •  

Bu yazıda yol-nəqliyyat hadisələri zamanı uzun müddət telefonda qalıb, Daxili İşlər Nazirliyi əməkdaşlarını və sığorta şirkətinin nümayəndələrini gözləməməyin mümkün olduğunu izah etməyə çalışacağıq.

Əksər tıxacların baş verməsinin başlıca səbəblərindən biri də cüzi zərər baş verdiyi halda, yol-nəqliyyat hadisəsi iştirakçılarının israrla yol polis əməkdaşlarını və sığorta şirkətinin nümayəndələrini hadisə yerində gözləmələridir.

Qüvvədə olan qanunvericiliyə görə isə hadisə iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü aşağıdakı tələbləri nəzərə almaqla hadisə yerinə yol polisini çağırmaya bilərlər.

– əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa,

– maddi zərər cüzidirsə

– nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa

– yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə,

hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq səlahiyyətli orqana gəlməlidirlər.

Səlahiyyətli orqana hadisə barədə məlumat verdikdən sonra hadisə iştirakçıları sığorta şirkətinə də məlumat vermək öhdəliyi daşıyır.

Xatırladaq ki, hadisə zamanı başqalarının hərəkəti və fəaliyyətinə maneə törətməmək üçün hadisə yerindən avtomobili tərk etmək qanunvericiliklə müəyyən edilmişdir. Bu səbəbi rəhbər tutmaqla, sığorta şirkəti ödənişdən imtina edə bilməz. Çünkü qanunvericiliyə görə aşkar faktlarla sübut olunan zərərlər mütləq ödənilməlidir.

Eyni zamanda xatırlatmaq yerinə düşərdi ki, zərərin 1000 manatdan az olduğu və aşağıda sadalanan hallar baş verdiyi təqdirdə səlahiyyətli orqandan yol nəqliyyat hadisəsinin təfərrüatlarını əks etdirən arayışı alıb sığorta şirkətinə verməyə ehtiyac yoxdur. Bu arayış olmadan sığorta ödənişi verilə bilməsə də, qanunvericilik aşağıdakı şərtlərin hamısı mövcud olduğu zaman bu halı istisna kimi nəzərdə tutmuşdur.

– Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə

– hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda;

– hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;

– hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə,

Bu zaman hadisə iştirakçıları tərəfindən tərtib edilən və yuxarıdaki şərtlərin mövcudluğunu təsdiq edən protokolun sığortaçıya təqdim edilməsi kifayət edir.

huquqblogu.blogspot.com


  •  
  •  
  •  
  •