“Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmalıyıq. Hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobilləri “sürət həddi 60” – deyib idarə etmək qanunla nə qədər mümkundursə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir”.
“Report”un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir: “Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digər hərəkət iştirakçısının məsuliyyətinə arxayınlaşaraq hərəkət edir. “Piyadayamsa, sürücü yol verməlidir”, “piyada qəfil çıxdı, görmədim”, -deyib özünə “haqq” qazandıranlar bilsin və yalnız bundan arxayın olsun ki, hər bir insan öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır”.
V.Əsədov vurğulayıb ki, yollarda davranış mədəniyyəti həddindən artıq fərdi məsələdir: “Ona görə də hər bir insan ölümlə, xəsarətlə, maddi ziyanla, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrin iştirakçısına çevrilməmək üçün qaydalara, yol polisinin tələblərinə əməl etməlidir”.