Yol Polisi İdarəsi: “Qayda pozmayan sürücü nə radara düşür, nə də əsassız cərimə olunur”.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

İdarədən verilən məlumatda deyilir:

“Bəzi şəxlər sosial şəbəkələrdə və internet saytlarda guya “yol polisi yollarda gizli radarlar quraşdırır, maksimum sürət həddini göstərən yol nişanlarını tez-tez dəyişir və ya qayda pozmasalar belə sürücüləri cərimələyir” kimi fikirlər səsləndirirlər. Bildiririk ki, bu deyilənlərin heç bir əsası yoxdur, çünki radarlar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdir, BDYPİ-nin mərkəzi informasiya sisteminə inteqrasiya olunub və inzibati xəta törədilməsinə dair məlumatlar real vaxt rejimində elektron formada birbaşa həmin sistemə ötürülür.

Radarların, həmçinin yollarda maksimum sürət həddini göstərən nişanların quraşdırılması bütün dünyada olduğu kimi, Azərbaycanda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə, ağır qəzaların qarşısının alınmasına hesablanıb və ora heç bir müdaxilə oluna bilməz. O ki qaldı stasionar radarlardan başqa patrul avtomobillərində olan mobil radarlardan (e-patrul) yeri dəyişdirilməklə istifadə olunması, bu, dünyanın bir çox ölkəsində tətbiq edilən vasitədir. Bu metod sürücüləri yollarda arxayınlaşmaqdan çəkinməyə vadar edir. Belə ki, sürücülərin çoxu yollarda radarların yerini əzbər bildiyi üçün həmin xüsusi texniki vasitələrə yaxınlaşanda sürət rejiminə əməl edir, daha sonra isə sürət həddini aşırlar. Belə olan halda yol polisi təhlükəsizliyin təmin edilməsi, qayda pozuntularının qarşısının alınması məqsədilə bəzən radarların yerini dəyişməyi üstün tutur. Bununla da sürücülər yol-hərəkəti qaydalarına əməl etməyə məcbur edilir.

Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri radarların mövcudluğuna görə narahat olmaqdansa, yol hərəkəti qaydalarına, eləcə də sürət rejiminə ciddi əməl etməyə çağırır və bir daha bildiririk ki, qayda pozmayan sürücü nə radara düşür, nə də əsassız cərimə olunur”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.