Ofşor yuan dollar qarşısında son üç ilin ən yüksək səviyyəsinə çatıb. Bu, Çin hakimiyyətinin milli valyutanın möhkəmlənməsini gündəlik məzənnə fiksinqi vasitəsilə nəzarətdə saxlamaq niyyətini açıqlamasından sonra baş verib.
Cümə axşamı Çin Xalq Bankı yuanın gündəlik istinad məzənnəsini dollar qarşısında 6,9228 səviyyəsində müəyyən edib. Bu, əvvəlki kəskin artımdan sonra ardıcıl ikinci möhkəmlənmə olub. Ofşor yuan isə 0,3% bahalaşaraq 6,8357 səviyyəsinə yüksəlib və 2023-cü ilin aprelindən bəri maksimum göstəriciyə çatıb.
Yuanın möhkəmlənməsi sabit məzənnə siyasəti, ABŞ–Çin münasibətlərinin yaxşılaşması və ABŞ dollarının ümumi zəifləməsi ilə izah olunur. Ekspertlər hesab edirlər ki, Çin hakimiyyəti cari ildə yuanın mülayim şəkildə möhkəmlənməsini nəzərdən keçirir. Bu addım kapital axınını cəlb etməli, ticarət gərginliyini azaltmalı və valyutanın uzunmüddətli beynəlmiləlləşməsinə töhfə verməlidir.
Bazar reaksiyası göstərir ki, yuan üzrə “buğa” mövqeyi tutan investorlar rəsmi məzənnə ilə bazar qiymətləndirmələri arasındakı əhəmiyyətli fərqə baxmayaraq sakit qalırlar. Bu isə Çin Xalq Bankının daha tədrici möhkəmlənməyə üstünlük verdiyini göstərir.
Cümə axşamı müəyyən edilən rəsmi məzənnə “Bloomberg”in treyder və analitiklər arasında apardığı sorğunun orta proqnozundan 610 punkt aşağı olub və 6,8618 səviyyəsində formalaşıb. Bu, zəifləmə istiqamətində rekord fərq kimi qiymətləndirilir.
“Bloomberg”in proqnozu adətən gecə saatlarındakı dalğalanmaları nəzərə alaraq bazarın Çin Xalq Bankının məzənnə ilə bağlı gözləntilərini əks etdirir, lakin kontrtsiklik amil daxil edilmir. Buna görə də faktiki məzənnədən hər hansı kənarlaşma Çin Xalq Bankının yuanı gündəlik dəstəkləmə və ya cilovlama səviyyəsi kimi qiymətləndirilə bilər.







