HSBC Çin valyutasının parlaq gələcəyinə inanır. Bankın xülasəsində deyilir ki, artıq gələn il yuan dünyanın fəal şəkildə ticarət edilən valyutasından birinə çevriləcək. Növbəti 2-3 il ərzində isə ən çox konvertasiya edilən valyuta olacaq. Bununla yanaşı, 2015-ci ildə Çinin inkişaf etməkdə olan ölkələr ilə xarici ticarətinin yarısı yuan ilə həyata keçiriləcək.
Artıq bu ildən etibarən yuan bütün planet üzrə “zəfər yürüşünə” başlayacaq. O artıq demək olar ki, dünya ticarət valyutasına çevrilib. SWIFT maliyyə qrupunun verdiyi məlumatlara görə, yuan ən çox ticarət edilən valyutaların onluğuna daxil ola bilib. Həmçinin 2014-cü ilin fevral ayının yekunlarına görə, yuan hesablaşmalar üçün ən çox istifadə edilən valyutalar reytinqində 7-ci pilləyə sahib olub. O bu parametrdə İsveçrə frankını geridə qoya bilib.
Dörd il əvvəl Çinin xarici ticarətinin cəmi 3%-i yuan ilə həyata keçirilirdi. Bu gün isə bu göstərici altı dəfəyə qədər artaraq 18% olmuşdur. Bütün bunlarla yanaşı, yuanın investisiya rolu da artmaqdadır.