Yuan yüksəlişdədir: geosiyasət qlobal maliyyə sistemini necə dəyişir

Getdikcə daha çox ölkə Çinin ödəniş infrastrukturundan istifadə etməyə başlayır.

Qorxulu və qeyri-sabit dünyada insanı bəzən yalnız “ruha rahatlıq verən yemək” sakitləşdirə bilir. Honkonqdakı Tasty Congee & Noodle Wantun Shop restoranı yerli sakinlərə, materik Çindən gələn qonaqlara və bu yeməyi sevən əcnəbilərə yaşıl soğanlı sakitləşdirici düyü sıyığı təklif edir. Hesabı həm Honkonq dolları, həm də materik Çinin valyutası olan yuanla ödəmək mümkündür. Restoranda hətta Çin Xalq Bankının buraxdığı rəqəmsal valyuta olan e-CNY də qəbul edilir, baxmayaraq ki, zal administratoru etiraf edir ki, indiyədək bununla ödəniş edən görməyib. Şəhərdə 5 mindən çox satıcı bu yeni pul formasını qəbul edir.

Çin rəhbərliyi yuanın materikdən kənardakı perspektivlərinə daha optimist baxmağa başlayıb. Onlar uzun illərdir beynəlxalq hesablaşmalarda ABŞ dollarından asılılığı azaltmağa çalışırlar. Ancaq irəliləyiş qeyri-bərabər olub. Son illərdə Çin dollar mərkəzli əsas maliyyə infrastrukturundan yan keçən həm ənənəvi, həm də rəqəmsal ödəniş sistemləri yaradıb. Üstəlik, ölkə daxilində borcalan çatışmazlığı səbəbindən Çin xarici tərəfdaşlara cəlbedici faiz dərəcələri təklif edə bilir. Çin lideri Si Cinpin bildirib ki, ölkənin “güclü” valyutası olmalıdır.

Yuan hələ bu statusdan uzaqdır. Amma o, başqa bir şeyə çevrilir: həqiqətən güclü valyuta olan ABŞ dollarının qeyri-sabit və ardıcıl olmayan idarə olunmasından narahat olan ölkələr və şirkətlər üçün bir növ güvən mənbəyinə.

Vaşinqtondakı Atlantik Şurası analitik mərkəzindən Coş Lipskinin fikrincə, Çin yuanla bağlı ambisiyalarını həyata keçirməyə çalışarkən bəzən ritorikanı reallığın önünə keçirib. Amma indi rəqəmlər sözlərə uyğun gəlməyə başlayır. Onun sözlərinə görə, qlobal yuanla bağlı ən diqqətçəkən statistikalardan bəzisi son altı-yeddi həftədə ortaya çıxıb.

O deyir ki, diqqəti Çinin alternativ ödəniş sistemi olan CIPS-ə — Sərhədlərarası Banklararası Ödəniş Sisteminə yönəltmək lazımdır. Mart ayında bu sistem gündə təxminən 920 milyard yuan, yəni 134 milyard dollar həcmində əməliyyat emal edib. Halbuki ötən il orta gündəlik göstərici cəmi 680 milyard yuan idi. Aprelin 2-də tranzaksiyaların həcmi 1,2 trilyon yuanı ötüb.

Bu sıçrayış niyə baş verib? Dəqiq heç kim bilmir. Fevralda qüvvəyə minən yeni qaydalar sistemi daha çevik edib. Amma zamanlama göstərir ki, burada İran müharibəsi də amil ola bilər. Lipski deyir ki, bu diqqətçəkən rəqəmlər “dəqiq böhran dövrünə təsadüf edir” və “bu, sadəcə təsadüf ola bilməz”.

İran uzun müddətdir neftinin əvəzində yuan qəbul etməyə hazırdır və həmin neftin mühüm hissəsi Çindəki müstəqil emal zavodlarına gedir. Xam neft ixracının həcmi azalsa da, hər barelin qiyməti kəskin yüksəlib. Ola bilsin ki, İran Hörmüz boğazından gəmilərin keçidinə icazə vermək müqabilində də yuan qəbul edir. Lipskinin sözlərinə görə, bu ay Vaşinqtonda BVF toplantıları çərçivəsində maliyyə ekspertləri və yüksəkvəzifəli şəxslər arasında belə bir fikir formalaşıb ki, Tehranın “keçid haqqı”ndan əldə etdiyi vəsaitin böyük hissəsi kriptovalyuta ilə yox, yuanla daxil olur.

Amma CIPS-dəki aktivliyin artımı o qədər böyükdür ki, bunu yalnız neft ödənişləri və keçid rüsumları ilə izah etmək mümkün deyil. Tranzaksiyalara, o cümlədən Çin mənşəli vəsaitin Fars körfəzindən çıxışı da daxil ola bilər. Bu göstəricilər böhranın yaratdığı daha geniş maliyyə silkələnmələrini də əks etdirə bilər. Çin banklarının məlumatına görə, mart ayında sərhədlərarası istiqraz, səhm və digər “portfel” investisiyalarının alqı-satqısı 712 milyard dollara çatıb. Bu, ötən ilin orta aylıq göstəricisindən 40% çoxdur.

Bu investisiya və vəsait çıxışlarının hamısı yuanla aparılmayıb. Amma Çinlə bağlı bütün beynəlxalq tranzaksiyalarda — mallar, xidmətlər və aktivlər də daxil olmaqla — yuanın payı mart ayında 56%-dən yuxarı qalxıb. Halbuki 2025-ci ilin böyük hissəsində bu göstərici sabit qalmışdı.

Trafikin artdığı yeganə sistem CIPS deyil. Sərhədlərarası rəqəmsal valyuta ödənişləri üçün daha eksperimental platforma sayılan mBridge layihəsi də getdikcə fəallaşır. Standard Chartered bankından Karen Nqin sözlərinə görə, bu sistem artıq konsepsiya mərhələsindən çıxaraq real kommersiya təklifinə çevrilib.

Noyabr ayında Çin Xalq Bankı sədrinin müavini bildirib ki, bu şəbəkə üzərindən 4 047 tranzaksiya çərçivəsində ümumilikdə 55,5 milyard dollar keçib. Layihədə Səudiyyə Ərəbistanı, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları da iştirak etsə də, tranzaksiyaların 95%-dən çoxu e-CNY ilə aparılır. Nqin sözlərinə görə, bu əməliyyatlar çox sürətlidir: “Bəziləri deyir 10 saniyə, bəziləri 7 saniyə”.

Kiçik CIPS və nəhəng CHIPS

Həm CIPS, həm də mBridge hələlik dolların dominant olduğu ənənəvi ödəniş platformaları ilə müqayisədə çox kiçik görünür. ABŞ-da yerləşən CHIPS şəbəkəsi 2025-ci ildə gündə 2 trilyon dollardan çox əməliyyat emal edib. Banklararası mesajlaşma şəbəkəsi olan SWIFT isə 11 500-dən çox qurumu əhatə edir. CIPS-in iştirakçılarının sayı isə cəmi 1 791-dir.

Amma 2022-ci ildə Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya bankları SWIFT-dən kənarlaşdırıldıqdan sonra bir çox ölkə özünü həmin vəziyyətdə təsəvvür etməyə məcbur qalıb. Bir bankirin sözləri ilə desək, şirkətlər belə qərara gəliblər: “Biz diversifikasiya etməliyik. Tək bir platformaya güvənə bilmərik”.

Bu şirkətlərin bir qismi yuan istifadəsi üçün hazırlıq addımlarını hələ bu ildən əvvəl atmışdı. Amma İran böhranı, çox güman ki, onları nəhayət “düyməni basmağa” vadar edib.

Yuanın dünyaya verdiyi başqa bir güvən mənbəyi aşağı faiz dərəcələridir. Çində kreditə və xərclərə zəif tələbat mərkəzi bankı əsas faiz dərəcəsini cəmi 1,4%-ə endirməyə məcbur edib. Bu, ABŞ-dakı analoji göstəricidən 2 faiz bəndindən çox aşağıdır. Davamlı deflyasiya təhlükəsi də Çin dövlət istiqrazlarının uzunmüddətli gəlirliliyini aşağı salıb. Xarici şirkətlər və hökumətlər bundan yararlanmağa çalışırlar.

Bəziləri materik Çində yuanla nominallaşdırılmış “panda istiqrazları” buraxıb. Başqaları isə, o cümlədən Çin transmilli şirkətləri, Honkonqda “dim sum istiqrazları” yerləşdirirlər. Məsələn, İndoneziya hökuməti fevralda Honkonqda 9 milyard yuandan çox vəsait cəlb edib. Bu ay Portuqaliya avrozonada dim sum istiqrazı buraxan ilk hökumət olub və təxminən 2 milyard yuan cəlb edib.

Bu proses yalnız hökumətlərlə məhdudlaşmır. Fransanın Natixis bankından Alisiya Qarsia Erreronun sözlərinə görə, London və başqa şəhərlərdəki hedc fondlara da yeni maliyyələşmə valyutaları lazımdır, çünki Yaponiya yeni uzunmüddətli borclanma üçün artıq qeyri-adi dərəcədə bahalı görünməyə başlayıb. Çin təchizat zəncirlərinə qoşulmuş istehsalçılar da düşünürlər ki, çoxlu müştəri və təchizatçılarının istifadə etdiyi valyutada borclanmaq bəlkə daha məntiqlidir.

Honkonqun valyuta idarəsi, hansı ki yerli valyutanın dollara bağlılığını qoruyur və şəhərin bank sistemini tənzimləyir, indi xarici şirkətlərə Çin valyutasında aşağı baza dərəcələri ilə, ticarət maliyyələşməsi və ya dövriyyə kapitalı üçün bir ilə qədər müddətə borclanmağa kömək etmək məqsədilə 200 milyard yuanlıq mexanizmə malikdir. Nqin sözlərinə görə, Standard Chartered kimi banklar bu likvidliyi Honkonqdan çox uzaqdakı filiallarına qədər “yaya” bilirlər.

Bu cür təşəbbüslər yuanın qlobal ticarət dövriyyəsinin maliyyələşdirilməsində rolunu artırıb. SWIFT-in məlumatına görə, ötən ay qlobal ticarət maliyyələşməsinin 8%-dən çoxu Çin valyutasının payına düşüb. Bu göstərici ilə yuan dollardan sonra ikinci yerdədir, baxmayaraq ki, dolların payı hələ də 80%-dən çoxdur.

Hələ 2009-cu ildə dolların dominantlığından narahatlıq ifadə edən Çin Xalq Bankının keçmiş rəhbəri Çjou Syaoçuan hesab edir ki, ABŞ-ın tarifləri, sanksiyaları və geosiyasi münaqişələri fonunda Çin üçün yuanı xaricdə təşviq etmək baxımından indi “qızıl fürsət pəncərəsi” açılıb. China Merchants Securities investisiya şirkəti də hökumətin yenilənmiş öhdəliyi, daha yaxşı infrastruktur və aşağı borclanma xərcləri sayəsində yuan üçün “tarixi imkan” yarandığını düşünür.

Lipski isə xəbərdarlıq edir ki, reallıq ritorikada təsvir edildiyi qədər parlaq olmaya bilər. Amma yuanın dolları kölgədə qoymasına, hətta onunla rəqabət aparmasına da ehtiyac yoxdur ki, ona qarşı sığorta funksiyası daşısın. Alternativ təqdim etməklə yuan dolların iqtisadi silah kimi üstünlüyünü zəiflədə bilər. Dolların hökmranlığı ilə barışmaqda çətinlik çəkənlər üçün yuan alternativə çevrilə bilər.

Son xəbərlər
Digər xəbərlər