11 C
Baku
Thursday, November 14, 2024

Yuan/dollar məzənnəsi 6,85 CNY/USD-yə yüksələ bilər

ABŞ-ın “Goldman Sachs” investisiya bankı Çin milli valyutası – yuanın zəifləməsinin bu ölkədən kapital axınına səbəb olacağını, bunun da öz növbəsində qlobal maliyyə bazarlarına yayılaraq bu ilin yanvarında baş verən böhrana bənzər riskli situasiyanın yaranmasına səbəb olacağını qeyd edib.

Reportun “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, “Goldman Sachs”ın baş analitiki Robin Bruks (Robin Brooks) Bankın yuanla əlaqədar dəqiq neqativ fikirdə olduğunu bəyan edib. O, həmçinin Çin Xalq Bankı (Mərkəzi Bank) tərəfindən hazırda yuanın dollarla müqayisədə kiçik devalvasiya edilməsini 2015-ci ilin avqust və 2016-cı ilin yanvar aylarındakı devalvasiyalara bənzədib. Məhz bu iki mini-devalvasiyalardan sonra Çin maliyyə bazarlarından kapital axını sürətlənib və bu, qlobal maliyyə bazarlarına, əsasən də inkişafda olan ölkələrə yayılıb.

Qeyd edək ki, 2015-ci ilin avqust ayında Çin Xalq Bankı yuanı 4% devalvasiya edərək dolların məzənnəsini 6,20 CNY/USD səviyyəsindən 6,45 CNY/USD-yə, bu ilin yanvarında isə daha 3% ucuzlaşdıraraq 6,40-dan 6,60 CNY/USD səviyyəsinə yüksəldib.

Yerli analitika qrupu Report qeyd edir ki, məzənnənin bu həcmdə devalvasiyası bir çox ölkə üçün önəmli olmasa da, Çinin ixrac potensialı və iqtisadiyyatının böyüklüyünü nəzərə aldıqda, qlobal maliyyə bazarlarına və ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarına təsiri böyükdür. Qeyd edək ki, CNY/USD məzənnəsinin tarixi maksimal səviyyəsi 2005-ci il iyun ayında 8,28 səviyyəsində olub. Bu tarixdən etibarən Çinin dünya ticarətində rolunun artması ilə ixrac gəlirlərinin genişlənməsi fonunda yuan möhkəmlənməyə başlayıb və 2014-cü ilin yanvarında məzənnə 6,04 CNY/USD səviyyəsinə qədər geriləyib. Hazırda yuan bu səviyyədən 9%-ə yaxın dəyərdən düşüb.

“ABŞ Federal Ehtiyat Sistemi iyun və ya iyul aylarındakı iclaslarında uçot dərəcəsini artırarsa, CNY/USD məzənnəsinin 6,85 səviyyəsinə qədər artacağını proqnozlaşdırır. Buna səbəb ölkədən kapital axınını balanslaşdırmaq məqsədilə ixracı stimullaşdırmaq niyyəti olduğu bildirilir. Ümumiyyətlə, yaxın 3-5 il ərzində məzənnənin 8,30 səviyyəsinə kimi yüksələcəyi ehtimal edilir. Belə olarsa, inkişafda olan ölkələrin milli valyutalarının orta hesabla 100%-ə yaxın devalvasiyası istisna edilmir”, – deyə “Report”un analitikləri bildiriblər.

Son xəbərlər
Digər xəbərlər