8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“Yüksəliş” müsabiqəsi üçün 1 mln. manat pul ayrıldı – Prezidentdən sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 7, maddə 1293) 2-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilsin:

“Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Fərid Qayıbov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial

müdafiəsi naziri

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin

Direktorlar Şurasının sədri

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş

direktoru.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2021-ci il

Son xəbərlər
Oxşar xəbərlər