13 C
Baku
Friday, March 29, 2024

Yuli Sezarın dəniz quldurlarına əsir düşməsi və bunun nəticələri

B.e.ə. 75-ci ildə 25 yaşlı Yuli Sezar Egey dənizini keçərkən dəniz quldurlarına əsir düşür. Plutarxın verdiyi məlumatlara əsasən quldurlar ondan 20 gümüş talant (təxmini 620 kq gümüş, yaxud hazır ki dövrümüzün 600 min dolları) tələb etmişdilər. Sezar bunu eşitdikdə onu gülmək tutur. Daha sonra isə o quldurlara bildirir ki, onların hələ xəbəri yoxdur ki, onlar kimi əsir götürüblər. Sezar quldurlardan məbləği 50 talant etməyi tələb edir. Çünki 20 talant onun kimi bir şəxsiyyət üçün utancverici bir məbləğdir.

Sözsüz ki, quldurlar etiraz etmədilər və Yuli Sezar öz adamlarından birini gümüşləri gətirməsi üçün göndərdi və bu adam da 38 gün ərzində tələb olunan məbləği gətirməli idi. Bir neçə gün keçdi və Sezar quldurlarla öz tabeliyində olan adamlar kimi davranmağa başladı. Hətta yatanda onlardan öz aralarında danışmamağı tələb edirdi. İlk günlərini o monoloq və poemaların yazılmasına həsr edirdi və o bu yazdıqlarını daha sonradan dəniz quldurlarına oxuyurdu.

Daha sonra o quldurların oyunlarında və digər işlərində iştirak etməyə başladı. Bununla da o yavaş-yavaş onlar üzərində hökmranlığı ələ alırdı. Zaman keçdikcə dəniz quldurları ona hörmətlə yanaşmağa başladılar və gəmi daxilində və öz adaları çərçivəsində ona sərbəstlik yaratdılar. O dəniz quldurları ilə dost münasibəti saxlasa da, tez-tez təkrar edirdi ki, azad olan kimi gəlib onların hamısını edam edəcək.

Bunu dedikdə dəniz quldurları həmişə bu ifadəni gülüşlə qarşılayırdılar. Lakin onlar Sezarın bu sözləri boş yerə demədiyini bilmirdilər. Tələb olunan gümüşlər gətirildikdə Yuli Sezarı azad etdilər. O evinə qayıtdı və kiçik bir dəstə toplayaraq saxlanıldığı adaya yollandı. Görünür dəniz quldurları onun sözlərini qəti ciddi qəbul etməmişlər, çünki onlar adanı tərk etməmişdilər və əvvəlki yerlərində idilər. Bütün dəniz quldurları tutularaq Sezarın vəd etdiyi kimi edam edildi. Sezar isə 50 talantını geri qaytardı və üstəlik də dəniz quldurlarının digər xəzinələrini də ələ keçirdi.

Son xəbərlər
Digər xəbərlər