11 C
Baku
Monday, April 14, 2025

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Türkiyədə yumurtanın qiymətində kəskin artım müşahidə olunub ki, bu da son 4 ayda həmin məhsulun qiymətinin iki dəfə bahalaşması ilə nəticələnib.

2024-cü ilin dekabr ayında mağazalarda 30 ədədlik yumurta bağlaması 100-120 lirəyə satışa çıxarılırdısa, bu gün eyni miqdarda məhsulu 250 lirəyə qədər almaq olar.

“Türkiye” qəzetinin yazdığına görə, bahalaşmanın əsas səbəbi ixracın artmasıdır.

Bu vəziyyətə ABŞ hakimiyyətinin ölkədə quş qripinin yayılması ilə əlaqədar aktiv şəkildə yumurta idxal etmək qərarı daha çox təsir edib.

Son aylarda Braziliya və Cənubi Koreyanın hakimiyyət orqanları da Türkiyədən aktiv şəkildə yumurta almağa başlayıb.

Türkiyə hakimiyyəti daxili bazarda vəziyyəti sabitləşdirmək üçün martın sonunda ABŞ-a yumurta ixracını təşviq etmək məqsədilə maliyyə alətlərindən imtina edib. Bununla belə, bu, yumurta qiymətlərinin rekord həddə çatdığı ABŞ-a tədarükün yalnız qismən azalmasına səbəb olub.

Türkiyənin yumurta istehsalının həcmi ildə 20 milyardı ötür ki, bunun da 3,4-4 milyardı dünyanın 55 ölkəsinə tədarük edilir. Ən böyük idxalçılar BƏƏ, Qətər, İraq, Oman və Suriyadır. Cari ilin sonuna yumurta ixracından əldə olunan gəlirin 500 milyon dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Eyni zamanda, ABŞ ilə yeni təmaslara əsasən, bu ilin iyul ayına qədər bu ölkəyə 15 min ton yumurta tədarük edilməsi planlaşdırılır ki, bu da Türkiyəyə 26 milyon dollar gəlir gətirəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər