APARICI YUNAN QƏZETLƏRİNDƏN “Greek City Times” da köşə yazarı Niko Meletis tərəfindən “Zəlzələ diplomatiyası? Çavuşoğlu və Dendias qucaqlaşan zaman Türkiyə Yunanıstanın hava məkanını 24 dəfə pozdu” başlıqlı yeni bir məqalə yayımlanmışdır. Məqalə Türkiyədə baş verən dəhşətli zəlzələ sonrası Yunanıstanla davam etmək də olan enişli-çıxışlı münasibətlərin gələcəyi və təbiət hadisəsinin bu əlaqələrə hansı formada təsir göstərə biləcəyindən bəhs etməkdədir. Aktual məsələ ilə bağlı Bakıda yerləşən Topçubaşov Mərkəzi bunu yerli dildə işıqlandırır.
Yazar hesab edir ki, yunan xalqının Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım çağırışına isti reaksiyası, eləcə də Afinadan gələn mesajlar və Yunanıstan xarici işlər naziri Nikos Dendiasın Antakyaya səfəri son zamanlar iki ölkə arasında baş verən proseslər fonunda gərginliyi azaltmaq üçün unikal bir fürsət pəncərəsi açdı.
Faciə ilə əlaqədar Yunanıstana Türkiyə ictimaiyyəti ilə ünsiyyət imkanı verildiyini bildirən yazar, Aralıq dənizi ölkəsinin, bu fürsətdən istifadə etdiyini və yunanlar onların düşməni deyillər kimi mesajlar verdiyini bəyan edir, həmçinin qeyd olunur ki, Yunanıstan, Türkiyə hökuməti və onun nəzarətində olan medianın türk vətəndaşlarının inandıracağı “şər” qonşu deyil.
Niko Meletis təzahür edən prosesləri, “Türkiyənin xarici siyasətinin hədəfləri və prioritetləri bir anda dəyişmir və bu səviyyədə dramatik dəyişikliklər gözləməyə dəyməz” kimi qiymətləndirib. Yunan yazara görə, “bir çox problemlər ilə üzləşən” Ərdoğanın son dərəcə çətin vəziyyətin idarə olunmasını prioritetləşdirməkdən başqa çarəsi yoxdur.
Ölkədə davam edən hadisələrin Ankaradakı siyasi proseslərə birbaşa təsir edə biləcəyini yada salan yazar, “humanitar böhranın ortasında Ərdoğan çətin ki, seçkilərə doğru irəliləsin” proqnozunu verir.
Yazarın fikrincə, rabitə kanallarının bərpa oluna biləcəyi və hər iki tərəfin münasibətlərinin müəyyən edilməsinə soyuqqanlı şəkildə yenidən baxa biləcəyi bir “möhlət” olacaq. Bu müddət ərzində Ərdoğan belə qərar verərsə, “Afinaya qarşı çıxılmaz aqressiv siyasətinin səngiməsi” üçün uğurlu çıxış yolu tapılacaq.
Üstəlik yazıda Amerikanın xarici işlər naziri Antoni Blinkenin gələn həftə Ankara və Afinaya səfəri də önə çıxarılıb , çünki bu görüşlər Amerika-Türkiyə münasibətlərində yeni balansın qurulması və Türkiyə rəhbərliyinin Yunanıstan-Türkiyə münasibətləri ilə bağlı verəcəyi mesajlar baxımından mühüm əhəmiyyət kəsb edir.
Yazar, zəlzələ ilə bağlı bu qarşılıqlı anlaşmanın gərginliyin azaldılması və Yunanıstan-Türkiyə problemlərinin müzakirəsi prosesinin yenidən başlaması prosesinə yönəldilməsi təşəbbüsünün və seçiminin “müstəsna olaraq Ankaraya məxsus olduğunu” düşünür.
Məqalənin sonlarında müəllif iddia edir ki, “Afina üzərinə düşən vəzifəni yerinə yetirdi və edəcək”, lakin bu, tələsik ola bilməz. Qarşı tərəfdən hər hansı xoşməramlı jest xoş qarşılanacaq, “lakin Afina bu cür hərəkətlərə birbaşa güzəşt etməməlidir”. Dendiasın zəlzələdən zərər çəkmiş bölgələrə səfər etdiyi gün Türkiyə qırıcıları tərəfindən Yunanıstan hava məkanının 24 dəfə pozulması, habelə ayın 15-də Türkiyə tərəfindən Egey dənizinin ortasında Andros-Tinos-İkariya arasında, NAVTEX-i buraxma səlahiyyətinin Türkiyəyə deyil, Yunanıstana aid olduğu ərazidə canlı atəş təlimləri üçün yeni NAVTEX buraxılması ehtiyatlı olmağın gərəkliliyinin bir daha göstəricisidir.