Yuxu karyeranıza necə təsir göstərir

Xroniki yuxu çatışmazlığı – iş yerlərində geniş yayılan hallardan biridir. Statistikaya görə, ABŞ vətəndaşlarının 25%-dən çoxu yuxusuzluq problemindən əziyyət çəkir. Belə olduqda, yuxu pozuntusunun xərçəng, depressiya və ürək-damar xəstəliklərinin riskini artırması təəccüblü deyil. Bundan əlavə, onlar məhsuldarlığa da təsir göstərir. Metaanalitik tədqiqatların nəticələrinə görə, yuxu çatışmazlığı əhval-ruhiyyənin pisləşməsi nəticəsində beynin işini ləngidir. Yuxu çatışmazlığı məhsuldarlığa, karyera inkişafına və məmnuniyyət hissinə zərər verməklə yanaşı, işlə əlaqəli problemlərin baş vermə ehtimalını artırır. Və əksinə, keyfiyyətli yuxu inkişaf etmiş yaddaş, bilik əldəetmə və öyrənmə ilə əlaqələndirilir. Hətta qısa yuxu belə məhsuldarlığa müsbət göstərə bilər. 

Eyni zamanda yuxunun miqdarı və keyfiyyəti kimi meyarlarda sistematik fərdi fərqlər mövcuddur ki, bu da ayrı-ayrı insanların məhsuldarlığını qiymətləndirməyə mane olur. Hər hansı bir psixoloji xüsusiyyət və ya davranış meyli kimi, bu fərqlər də qismən genetik faktorlara aid edilə bilər. Bu o deməkdir ki, ümumi parametrlərdən başqa, insanların məhsuldar olması üçün lazım olan yuxu miqdarı və növü fərdi xüsusiyyətlərdən asılıdır (yalnız yaş və ümumi sağlamlıq deyil, həm də unikal şəxsiyyət və bioloji konfiqurasiya da daxil olmaqla). Təəccüblü deyil ki, çox vaxt yüksək nəticələr əldə etmiş insanların çox az yatdığını eşidirik: Indra Nooyi gündə dörd saat, Thomas Ford isə üç saat yatır. Aristotelis Onassis deyib: “Çox yatmayın, yoxsa uğursuz biri kimi oyanacaqsınız. Əgər gündə üç saatdan az yatsanız, bir ildə uğur qazanmaq üçün əlavə bir ay yarım vaxtınız olacaq”. 

Lakin bu cür hazırcavab ifadələr elm tərəfindən nadir hallarda dəstəklənir: lətifələr – məlumat deyil. Bəs yuxu ilə iş arasındakı əlaqə haqqında nə bilirik? Həyatımızın təxminən 1/3 hissəsini bu iki şeyə həsr etdiyimizi nəzərə alsaq, bu haqda nə deyə bilərik? Alimlər bizə bunları deyirlər:

1. Yuxu problemi insan işləməyə başlamazdan əvvəl ortaya çıxır. Bir çox psixoloji tədqiqat göstərir ki, yuxusuzluq bizə məktəb və universitet illərində də zərər verir. Bu tədqiqatlar və onlarla əlaqəli işlər, yuxusuzluq problemindən əziyyət çəkən insanların məktəb və kollecdəki nailiyyətlərinin əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir. Və belə insanların sayı çoxdur. Təhsil, o cümlədən məktəb və universitetdə verdiyimiz imtahanların nəticələri işədüzəlməyə əhəmiyyətli dərəcədə təsir göstərdiyindən, karyeradakı uğursuzluqlar da daxil olmaqla, sağlam yuxu vərdişinin olmamasının uzunmüddətli fəsadları var. Maraqlıdır ki, metaanalitik baxışlar dərslərin daha gec başlamasının tələbələrin yuxu problemini aradan qaldırmağa kömək edəcəyini göstərir. Səbəb – gənclər təbii olaraq gec yatmağa və gec durmağa meyllidirlər.

2. Yuxu işçilərdə maraq oyadır. Çoxmilyardlıq sənaye təşkilatlarda işçilərin və rəhbərlərin həvəs, məmnuniyyət və məhsuldarlıq səviyyəsini artırmağa həsr edilib. Bu vəsaitin böyük bir hissəsi ofisin dizaynını və yeməkxana yeməyinin yaxşılaşdırılmasına, o cümlədən insan və onun tutduğu vəzifə arasında uyğunluğu təmin etməyə xərclənir. Bu – normaldır. Vacibdir ki, səriştəsi səviyyəsi kimi yuxu da sizin nəzarətiniz altındadır.

3. Hər zaman olduğu kimi, liderlik böyük rol oynayır. Qeyri-səriştəli liderlər işçilərinə təzyiq göstərirlər və onların işdən kənarlaşmasına səbəb olur. Yaxşı liderlər yuxusuzluq probleminin məhsuldarlığa göstərdiyi mənfi təsiri yumşaltmağa çalışırlar. Bunun baş verməsi üçün onlar səriştəli olmalıdırlar, kifayət qədər yatmalıdırlar və yuxu rejiminin pozulmasına yol verməməlidirlər. Nəzərə almaq lazımdır ki, hətta ən yaxşı liderlər belə yuxusuzluqdan əziyyət çəkdikdə qeyri-etik və ya təhqiramiz davranacaqlar. Keyfiyyətli yuxu və keyfiyyətli liderlik ikiqat müsbət təsir göstərir. Bunların hər iksinin olmaması isə əksinə, ikiqat zərərlidir.

Nəticə: daha uzun (və keyfiyyətli) yuxu karyeranıza müsbət təsir göstərir və zamanında yatmaq və durmaq vərdişini nə qədər tez inkişaf etdirməyə başlasanız, bir o qədər çox şeyə nail ola biləcəksiniz. Gündə 3-4 saat yatmaq –  lovğalanmaq üçün səbəb deyil. Oyaq qaldığınız saatları məhsuldar bir şey üçün istifadə etsəniz də, məhsuldarlığınızın və karyeranızın uzunmüddətli perspektivdə zərər çəkməsi ehtimalı böyükdür. Ofisdə səmərəli işləməyinizi təmin etməyin ən yaxşı yollarından biri, yuxunun keyfiyyətini yaxşılaşdırmaqdır. 

Müəllif haqqında

Tomas Çamorro-Premuzik (Tomas Chamorro-Premuzic)ManpowerGroup-da kadrlar üzrə baş mütəxəssis, London və Columbia universitetlərində biznes-psixologiya professoru, Harvard laboratoriyasının sahibkarlıq və maliyyə şöbəsinin üzvü, “Why Do So Many Incompetent Men Become Leaders? (And How to Fix It)” kitabının müəllifi.