13 C
Baku
Bazar, Noyabr 28, 2021

“Zəfər” altsistemi I Qarabağ və Vətən müharibəsinə qədərki dövrdə status alan şəxsləri də əhatə edəcək

““Zəfər” altsistemi həm I Qarabağ müharibəsi, həm Vətən müharibəsinə qədərki dövrdə, həmçinin Vətən müharibəsində şəhid və şəhid ailəsi, həmçinin müharibə əlili və müharibə veteranı statusu alan vətəndaşların hər birini əhatə edəcək.

Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, Prezidentin fərmanında bu statusu müəyyən edən qurumlar qeyd edilib: ““Zəfər” altsistemi qurulandan sonra 6 ay ərzində həm şəhid, şəhid ailəsi, həm də müharibə veteranı statuslarını alan vətəndaşlarla bağlı məlumatlar altsistemə daxil ediləcək. Bundan sonra həmin statusları verən qurumlar 5 iş günü müddətində bu barədə məlumatları “Zəfər” altsisteminə daxil edəcəklər. Müharibə əlili statusunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir, ona görə fərmanda ayrıca qeyd edilib ki, “Əlillik” altsistemindəki məlumatlar da ora inteqrasiya olunsun. “Zəfər” altsisteminin mahiyyəti indiyə qədər şəhid və şəhid ailəsi, həmçinin müharibə əlili və müharibə veteranı statusları verən qurumların məlumat bazalarını, informasiyalarını vahid mərkəzləşdirmək, bir altsistemdə toplamaqdır. Bu da gələcəkdə həmin kateqoriyalardan olan vətəndaşlara sosial dəstəyin təmin edilməsi işlərində çevik məlumat mübadiləsi imkanı yaradacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Zəfər” altsisteminin yaradılması ilə bağlı fərman imzalayıb. Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.

Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etmək və bu fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etmək; altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görmək; “Əlillik” (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etmək tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) altsistemin Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini təmin edəcək.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanlarına altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu almış şəxslərə dair məlumatların altsistemə daxil edilməsini təmin edib ölkə Prezidentinə məlumat vermək; şəhid və şəhid ailəsi statusunun, habelə müharibə veteranı statusunun verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatın altsistemə daxil edilməsini təmin etmək tapşırığı verilib.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər
X