25 C
Baku
Friday, April 19, 2024

Zəlzələyə görə tikintiyə nəzarət gücləndirildi – Bakıda evlər bahalaşır

Türkiyədə baş vermiş güclü zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinə nəzarət gücləndirilib.

Bu barədə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə, insanların təşvişə düşməsinə əsas yoxdur, çünki Azərbaycanda inşa olunan çoxmənzilli binaların əksəriyyəti zəlzələyə kifayət qədər davamlıdır:

“Qardaş Türkiyədəki zəlzələdən sonra bir sıra fikirlər ortaya atılıb. Əlbəttə, bunlar psixoloji faktorlardan irəli gəlir. Sözsüz ki, Türkiyədə baş verən zəlzələ Azərbaycan mənzil bazarına təsir edir. Qısamüddətli dövrdə təsirlər davam edəcək.

Məlumat üçün bildirim ki, tikinti üzrə nəzarət artırılıb. Bu da başadüşüləndir. Azərbaycanda bir-iki binada konstruktiv elementlərin sonradan pozulması halları var. İstisna hallarını nəzərə almasaq, deyə bilərik ki, Azərbaycanda tikintilər möhkəmdir. Tikililərin möhkəm olmaması, yaxud yaşamaq üçün əlverişsiz olması ilə bağlı rəsmi qurumların rəy verməsi gözlənilmir. Yəqin ki, belə rəy verilməyəcək. Ölkədəki çoxmənzilli binaların böyük əksəriyyətinin təhlükəli olması ilə bağlı ortaya qoyulan fikirləri, mülahizələri doğru hesab etmirəm. Deyilənlər əsaslandırılmamış, konkret araşdırmaya, monitorinqə söykənməyən dezinformasiyalardır. İnsanları təşvişə salmağa ehtiyac yoxdur. Hesab edirəm ki, Azərbaycan bazarında yeni tendensiyaları izləyəcəyik”.

Ekspert zəlzələnin mənzil bazarında durğunluq yaratması barədə fikirlərə də münasibət bildirib:

“KİV-də və müxtəlif internet resurslarında daşınmaz əmlak bazarı ilə bağlı müəyyən proqnozlar verilir. Mənzillərin satışında problemlərin olduğu və ya olacağı deyilir. Eyni zamanda fikirlər yayılıb ki, guya fərdi yaşayış evlərinin qiymətləri artacaq, mənzillərin qiyməti isə əksinə kəskin azalacaq. Bildirim ki, belə hal yoxdur. Mənzillərin və fərdi yaşayış evlərinin qiymətində mövsümlə əlaqədar olaraq artım müşahidə olunur. Növbəti ayın ilk 10 günündə artımların hansı səviyyədə olduğunu açıqlamaq mümkün olacaq. Bu tendensiyanın Azərbaycanın əmlak bazarını çökdürəcəyi ilə bağlı fikirlərin doğru olmadığını düşünürəm”.

R.Osmanlı, həmçinin vurğulayıb ki, insanların zəlzələ qorxusundan hündürmərtəbəli binalardakı mənzillərini satışa çıxarması ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Hazırda ipoteka kreditlərinin çox aktiv verildiyi dövrü yaşayırıq. Bu gün insanlar bazarda almağa mənzil tapmırlar. Satış həcmi məhduddur. Yarım milyonluq, bir milyonluq və daha bahalı mənzilləri olan insanların onu satmağa ehtiyacı yoxdur. Çünki bu insanların onsuz da fərdi yaşayış evləri, bağ evləri var. Müvəqqəti dövr üçün yaşamağa yerləri var. Blogerlər, sosial media istifadəçiləri çağırış edirlər ki, bina evlərində qalmayın. Bu tendensiya az da olsa, müşahidə olunur. Ancaq səsləndirilən fikirlər bütövlükdə əmlak bazarını əhatə etmir. Əksinə son 10 gün ərzində mənzil bazarında çox ciddi artım müşahidə edilməkdədir. Ayın sonunda aparılan təhlillər fevral ayı üzrə müəyyən qədər qiymət artımını söyləməyə imkan verəcək”.

Son xəbərlər
Digər xəbərlər