8 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

“Zəngəzur dəhlizinin heç kimə zərəri yoxdur”

“Bu əməliyyat sadəcə 44 gündə baş vermədi. Azərbaycanın qəhrəman övladlarının təlimlərdə necə bir əzmkarlıq göstərdiklərini açıq şəkildə görürdük. Ciddi hazırlıq nəticəsində bu əməliyyat başlandı və zəfərlə yekunlaşdı”.

Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Azərbaycan işğala “artıq yetər” deyərək lazım olanı etdi:

“Bu qələbədə ən böyük pay şəhidlərimizə aiddir. Onların xatirəsini daim yaşadacağıq. Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən müharibəsindən sonra Türkiyə və Azərbaycanın bir ürək olduğu hər kəsə məlum oldu. Bu işdə Azərbaycan və Türkiyənin yanında olan üçüncü ölkə Pakistan idi. Digər dost ölkələrlə də təmaslarımızı davam etdiririk.

Azad olunan ərazilərdə azərbaycanlı qardaşlarımızla birlikdə minaların təmizlənməsi üçün dostlarımızla gecə-gündüz çalışmalarımız davam edir. Minaların təmizlənməsi vaxt aparan bir fəaliyyətdir”.

H.Akar deyib ki, Ermənistan düşmənliklə heç nə əldə edə bilməyəcəyini başa düşməlidir: “Biz hər hansı ölkənin torpaqlarını işğal etməmişik. Biz Azərbaycanın öz torpaqlarını işğaldan qurtarması üçün dəstək göstərmişik. Bölgədəki əhalinin rifahı baxımından Türkiyə və Azərbaycan Prezidentlərinin açıqlamaları var. Uzatdığımız barış əli Ermənistan tərəfindən şans olaraq dəyərləndirilməlidir. Ermənistan bunu anlamalıdır ki, lazımi reaksiyaları versə, təhlükəsizlik və rifah baxımından onlar üçün də yaxşı olacaq.

Zəngəzur dəhlizinin açılmasının heç kimə zərəri yoxdur. Bu addım rifahı yayar və bütün region da bundan yararlanar. Ermənistan düşmənçiliyi bir tərəfə qoyub gələcəyə baxmalıdır”.

Mənbə:Qafqazinfo
Son xəbərlər
Oxşar xəbərlər
X