24 C
Baku
Saturday, July 20, 2024

“Zəngilan” tankeri suya salınıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən hazırlanan “Zəngilan” tankerinin mayın 16-da suya salınması mərasimi keçirilib.

Bu, Azərbaycanda inşa edilən sayca ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir.

Bakı Gəmiqayırma Zavodu” MMC-nin İdarə Heyətinin sədri Elşad Nuriyev məlumat verib ki, gəminin gövdə hissəsinin inşası 100 faiz başa çatıb. Qalan tamamlanma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə “Zəngilan” tankeri zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb. Bu gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir.

Onun sözlərinə görə, yeni nəsil “Zəngilan” tankerinin uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 knot sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8009 ton təşkil edən gəmi ən müasir avadanlıqlarla, o cümlədən hər biri 1,200 kW gücə malik iki ədəd baş mühərrik, yük nasosları, havalandırma sistemi, naviqasiya cihazları və separator ilə təchiz edilib.

Zavodun yanalma körpüsündə istismar sınaqları başa çatdıqdan sonra “Zəngilan” tankerinin dəniz-istismar sınaqlarına başlanacaq. Yeni nəsil “Zəngilan” tankerinin xarici sularda istismarı nəzərdə tutulur.

Unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci neft və kimyəvi məhsullar daşıyan tankerdir. 2022-ci ilin sonunda istismara verilmiş ilk neft və kimyəvi məhsullar daşıyan tanker olan “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri üçrəngli bayrağımız altında xarici sularda istismar olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər