5 C
Baku
Thursday, February 29, 2024

Zəngin və bəxtsiz: Sem Benkman-Fridin “toruna” düşən 20 milyarder

“FTX” kriptobirjasının yaradıcısı olan vunderkind Sem Benkman-Frid və onun həmtəsisçisi Heri Van artıq milyarder deyillər. “Forbes USA” yazır ki, onların sərvətinin qəfil dağılması dünyanın ən varlı 20 adamına da maddi zərbə vurub.

Sem Benkman-Frid və onun həmtəsisçisi Heri Vanın çox milyard dollarlıq sərvəti Baham adalarının birjası olan “FTX” və onun ABŞ-dakı filialı “FTX U.S.”in qəfil çökməsindən sonra bir neçə saat ərzində “buxarlanıb”. “FTX”in ən böyük xarici investoru olan “Sequoia Capital” və onun üç milyarder ortağı bu hadisələrdən sonra investisiyalarını silmələri çox çəkməyib.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Milyarderlər Duqlas Leone, Maykl Morits və Nila Şen tərəfindən idarə olunan “Sequoia” 425 milyon dollarlıq payla bu birjaya 213.5 milyon dollar sərmayə qoyub. Noyabrın 9-da “Sequoia” öz səhmlərini 0 dollar dəyərində qiymətləndirib. Bu, “üç vergül klubu”nun itirdiyi yeganə pul deyildi, çünki 2019-cu ildən bəri “FTX” və “FTX U.S” 40 milyard dollarlıq kapitallaşmaya gedən yolda ən azı 2.2 milyard dollar cəlb ediblər.

Dünyanın ən zəngin kriptomilyarderi olan və “CZ” kimi tanınan Çanpen Çzao bir sıra tvitləri ilə “FTX”i məhvə doğru sürükləyib. Onun şirkətinin vençur qolu olan “Binance Labs” “FTX”in ilk investorlarından biri olub. Noyabrın 8-də Çanpen Çzao “Twitter” hesabında “FTX”i aldığını yazıb, lakin bir gün sonra “korporativ araşdırmalar, həmçinin müştəri vəsaitlərinin idarə olunması ilə bağlı problemlər” səbəbindən fikrindən daşınıb.

2021-ci ilin iyul ayında “FTX” 18 milyard dollar kapitallaşma ilə 1 milyard dollar cəlb edib. İnvestorlar arasında milyarder Brayan Armstronqa məxsus “Coinbase” da daxil olmaqla 59-dan çox şirkət olub.

Cəmi üç ay sonra, 2021-ci ilin oktyabrında “FTX” kriptobirjası “Sequoia”, “Tiger Global” və “BlackRock” da daxil olmaqla 69 investordan daha 421 milyon dollar toplayıb. Mark Zukerberqin vəsaitləri və Silikon Vadisinin digər maqnatları ilə idarə olunan “Iconiq Capital”, “Samsung NEXT XT Ventures” və kriptokonqlomerat Barri Silbert da investisiya raunduna qoşulub.

Yuxarıdakı investorların pul itkisinin miqyasını təsəvvür etmək çətindir. Yenə də bu milyarderlərə çox yazıq olmayın. Onlar hələ də “FTX” işçilərindən daha yaxşı vəziyyətdədirlər: Bankman-Fridin “Forbes” ilə paylaşdığı kapitallaşma cədvəlinə görə, şirkətin opsion fondu “FTX”də 3% paya sahib olub. Bu pay sənəddə qeyd olunan hər hansı digər kənar investorların payından daha böyükdür. Buna baxmayaraq, “FTX”in iflasından sonra bu rəqəmlər artıq heç nə demək deyil.

Son xəbərlər
Digər xəbərlər