0 C
Baku
Friday, February 28, 2025

Zədələnmiş pul nişanlarını harada və necə dəyişdirək?

Bəzən yararsız vəziyyətə düşən pullar gündəlik həyatımızda xeyli çətinlik yaradır. Hətta elə hallar olur ki, mal və xidmətlərin dəyərini ödəmək istəyəndə satıcı əskinasın yararsız vəziyyətdə olmasını əsas gətirərək, onu qəbul etməkdən imtina edir. Ödəniş terminalları da bu kimi vəsaitləri qəbul etmir. Belə olan halda, çarəsiz qalan vətəndaş hara müraciət etməlidir?

Banker.az xəbər verir ki, “vergiler.az” aktuallığını itirməyən bu mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanlayıb. Bankdan pul nişanlarının hansı halda yararsız hesab edildiyinə və onların hansı şərtlərlə dəyişdirildiyinə aydınlıq gətirilib.

Pul nişanları hansı halda zədələnmiş hesab edilir və dövriyyədən çıxarılır?

Pul nişanının yararsız olub-olmamasını aydınlaşdırmaq üçün Mərkəzi Bankın müəyyən etdiyi “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na nəzər yetirmək lazımdır. Həmin qaydalarda açıq-aydın göstərilir ki, pulun müəyyən olunmuş ölçüdə (və ya ondan artıq) yararsızlıq göstəriciləri varsa, Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılır. Məsələn, əskinasın üzərində çirk, ləkə, cırıq, yapışqanlı lent və s. kimi əlamətlər varsa, tədavülə yararsız hesab edilir və dövriyyədən çıxarılır.

Zədələnmiş pul nişanlarının dəyişdirilməsi qaydası

Yararsız milli pul nişanlarının dəyişdirilməsi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsi ilə tənzimlənir. Pulun dəyişdirilməsi onun həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Belə ki, bütöv bir hissədən və ya eyni kağız pul nişanına məxsus ardıcıl və ya ardıcıl olmayan hissələrdən ibarət, səthinin 60 faizdən az olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Metal pul nişanlarına gəldikdə, qəpiklərin nominal dəyərinin Mərkəzi Bank tərəfindən ödənilməsi üçün həmin pulun bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış olmalıdır.

Hansı hallarda satıcı alıcıdan pulun qəbulundan imtina edə bilər?

“Mərkəzi Bank haqqında” Qanunun 40-cı, yəni pul nişanlarının dəyişdirilməsi maddəsində müəyyən edilmiş tələblərə cavab verməyən pul nişanının nominal dəyəri ödənilmir. Belə olan halda, qarşı tərəf əskinasları qəbul etməyə bilər.

Yararsız hesab olunan pul nişanları haraya təhvil verilməlidir?

Əlində yararsız hala düşmüş pul nişanı olan vətəndaşlar həmin əskinasları ölkə ərazisində fəaliyyət göstərən istənilən kommersiya bankına yaxınlaşaraq dəyişdirə bilərlər. Bundan başqa, Mərkəzi Bankın paytaxt Bakıda, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında da belə əskinasları dəyişdirib yenisini almaq mümkündür. Regionlarda yaşayan vətəndaşlarımız isə eyni əməliyyatı banklarla yanaşı, Mərkəzi Bankın Yevlax Ehtiyat Mərkəzi, Biləsuvar Regional Mərkəzi və Naxçıvan Muxtar Respublikası İdarəsində təşkil olunan nağd pul ofislərində ödənişsiz əsasda həyata keçirə bilərlər. Burada bir məsələ xüsusi qeyd edilməlidir ki, ölkə ərazisində fəaliyyət göstərən kommersiya bankları və onların filiallarında yararsız pul nişanlarının dəyişdirilməsi həmin bankın daxili siyasətinə uyğun olaraq, ödənişli və ya ödənişsiz həyata keçirilə bilər.

Xarici valyutada yararsız əskinaslar da dəyişdirilə bilərmi?

AMB xarici valyutada olan pul nişanlarının dəyişdirilməsi əməliyyatını həyata keçirmir. Bu məsələ “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 40-cı maddəsində açıq göstərilir. Bununla belə, vətəndaşlar yararsız hala düşmüş xarici ölkə əskinaslarını dəyişdirmək üçün kommersiya banklarına üz tuta bilərlər.

Pul nişanlarının reproduksiyası (bənzədilmiş surətdə hazırlanması) hansı qaydalar əsasında aparılır?

Bu məsələ “Pul nişanlarının reproduksiyası Qaydası”nda müəyyən edilmiş tələblər əsasında həyata keçirilir. Həmin qaydalarda göstərilən tələblər, yəni pulun ölçüləri, təsvirləri, materialı uyğun gəlmədikdə, bu, saxta pul hesab olunur və aidiyyəti üzrə istintaq əməliyyatlarının aparılması məqsədilə Mərkəzi Bank tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilir. Kağız pul nişanının reproduksiyası Mərkəzi Bankın tədavülə buraxdığı pul nişanının orijinal kağızından fərqlənən materialdan hazırlanmalıdır. Əskinasın hər iki tərəfinin və ya müəyyən hissəsinin, eləcə də pul nişanının fərdi dizayn elementinin reproduksiyasının rəng tonu tədavüldəki pul nişanlarının əsas rəng tonundan ən azı 30 faiz tünd və ya əksinə, açıq olmalıdır. Digər vacib şərt isə odur ki, kağız pul nişanının reproduksiyasının üzərində aydın oxuna bilən şriftlə, iri hərflərlə yazılmış, silinməsi mümkün olmayan və reproduksiyanın əsas rəng tonundan seçilən “REPRODUKSİYA” sözü əks olunmalıdır.

Metal pul nişanlarının reproduksiyası isə hamar səthdə əks etdirilməli və tədavüldəki pul nişanlarındakı kimi qabarıq dizaynda olmamalı, metal olmayan və metal görüntüsü yaratmayan materialdan hazırlanmalıdır. Ölçülər isə real qəpiklərdən 1/2 dəfə kiçik və ya 2 dəfədən böyük götürülməlidir.

Bəs pullar maksimum neçə il istifadə edildikdən sonra yeniləri ilə əvəzlənir?

Pul nişanının tədavüldə ömür müddəti birbaşa onun nağd pul əməliyyatları zamanı istifadəsinin intensivliyindən asılıdır. Məsələn, aşağı nominallı pul nişanları intensiv istifadə olunduğundan daha tez aşınır. Sözsüz ki, bu da yuxarı nominallı pul nişanları ilə nisbətdə daha az tədavüldə qalması ilə nəticələnir. Ümumiyyətlə, pul nişanlarının tədavüldəki ömür müddəti bir sıra amillərdən, o cümlədən əhalinin pulla davranışından, iqlim şəraitindən, saxlanma şərtlərindən də asılı ola bilər. Təhlillər göstərir ki, kağız əskinasların tədavüldəki ömür müddəti, nominalından asılı olaraq, təqribən 2 ildən 6 ilə qədərdir. Metal pul nişanları üzrə isə bu müddət 10 ildən yuxarıdır.

Son xəbərlər
Digər xəbərlər