ABŞ dolları son üç ilin ən aşağı səviyyəsinə enib. Bu, ölkədə biznes aktivliyinin zəifləməsi, ABŞ-nin borc yükünün öhdəsindən gələ bilməyəcəyinə dair xəbərdarlıqların investorları düşündürməsi fonunda baş verib.
S&P 500 indeksi istehsal satınalma menecerləri arasında keçirilən ISM sorğusunun may ayı üçün gözlənilən 50-yə qarşı 48,5-ə enməsindən sonra düşüb. Günün sonuna qədər fond birjası itkilərinin bir hissəsini bərpa edib və ticarət 0,4% yüksəlişlə başa çatıb.
“TwentyFour Asset Management”in nümayəndəsi Gordon Şennon hesab edir ki, ISM məlumatları tarif qeyri-müəyyənliyinin ABŞ-nin böyüməsinə necə təsir etdiyini göstərir. ING-nin valyuta strateqi Françesko Pezole isə bu sorğunun ABŞ dövlət istiqrazlarına zəif tələb və ticarət müharibələrində yenidən eskalasiya ilə idarə olunan çox zəif dollar impulsunu əks etdirdiyini söyləyib.
Borc bombası istiqraz bazarını partladıb
Maliyyə naziri Skott Bessentin ölkənin “heç vaxt defolt etməyəcəyini” dediyinə baxmayaraq, borc qiymətləri çökdüyü üçün ABŞ-nin 30 illik xəzinə istiqrazlarının gəlirliliyi 0,03% artaraq 4,97%-ə çatıb. Xəbərdarlıqlar hər tərəfdən gəlir: cümə günü “JPMorgan Chase”in baş direktoru Ceymi Daymon söyləyib ki, ABŞ istiqraz bazarı Vaşinqtonun artan borcunun ağırlığı altında “çatlaya” bilər.
ISM sorğusu Trampın ticarət müharibəsinin dünyanın ən böyük iqtisadiyyatına təsir etdiyini göstərən başqa bir əlamət olaraq, əvvəlki ayla müqayisədə daha pis nəticə göstərib. ABŞ və Çin son günlər ticarət atəşkəsi pozmaqda bir-birini günahlandırır.
Səhmlər əriyir, metallar bahalaşır
İdxal kəskin şəkildə azalıb və istehsalçılar aylardır yığdıqları ehtiyatları yeni tariflər qüvvəyə minməmiş satırlar. İqtisadçılar xəbərdarlıq edirlər ki, bu azalan ehtiyatlar artan idxal xərclərindən yalnız müvəqqəti olaraq qoruyur.
Tramp cümə günü ABŞ-nin polad və alüminium idxalına 50% rüsum tətbiq edəcəyini elan etdikdən sonra bazar ertəsi qiymətli metalların qiymətləri yüksəlib. Xatırladaq ki, yeni rüsumların iyunun 4-dən qüvvəyə minməsi gözlənilir.
“Comex” polad fyuçersləri bazar ertəsi günü 14% bahalaşıb. ABŞ-ın polad istehsalçıları “Nucor” və “Steel Dynamics”in səhmləri isə müvafiq olaraq 10,1% və 10,3% artıb.