Türkiyədə baş vermiş zəlzələlər sığortaçılara 2,4 milyard dollara başa gələ bilər.
Bu barədə “Karen Clark & Company” adlı fəlakət modelləşdirmə şirkəti məlumat yayıb.
Şirkətin hesabatında qeyd olunub ki, zəlzələlərin vurduğu ümumi maddi ziyan təxminən 20 milyard dollar ola bilər. Hesabat müəlliflərinin məlumatına görə, zəlzələ 41.000-dən çox binanı dağıdıb və ya ciddi şəkildə zədələyib.
Həmçinin bildirilir ki, təbii fəlakət 1939-cu ildə Ərzincan zəlzələsindən sonra Türkiyədə baş vermiş ən böyük miqyaslı hadisədir.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.