Bank işi, kreditləşmə texnologiyası, maliyyə hesabatları və sair barədə saysız məqalələr mövcuddur ancaq monitorinq sistemi, məhz layihə işlərinin icrasının monitorinqi və biznesdəki mənfi tendensiyaların erkən xəbərdarlıq siqnalları barədə demək olar ki, məqalə yoxa hesabdır. Mövzu genişdir ancaq bildiklərimi, öyrəndiklərimi ümumi əsaslarla, mahiyyəti üzrə əsas prinsiplərini sadə formada Sizlərlə paylaşmaq istərdim.
Bildiyiniz kimi ,bank tərəfindən maliyyələşdirilən təsərrüfat subyektlərinin xüsusiyyətlərindən və qəbul edilən qərardan asılı olaraq kreditinin təyinatının, maliyyələşdirilmiş layihələrin icra vəziyyətinin, biznesin maliyyə göstəricilərinin, təminatın və sair dəqiqləşdirilməsi və nəzarətda saxlanılması üçün monitorinqlər həyata keçirilir. Banklar layihlərin maliyyələşdirilməsi istiqamətində iki əsas məhsul növlərindən istifadə edirlər: kredit və zəmanət (qarantiya məktubu). Kredit verilişi birbaşa maliyyə dəstəyi olduğu üçün əsasən ticarət maliyyələşməsinə bənzəyir. Odur ki, layihələrə dəstək məqsədi ilə verilən qarantiya məktublarına daha ətraflı toxunmaq istərdim.
Layihələr üzrə qarantiya məktubları nə üçün lazimdir ?
Bank zəmanəti loru dildə desək banka müraciət edən şəxsə sifarişçi qarşısında zamin olmağı deməkdir. Ancaq müqavilənin tərkib hissəsi olmadığı üçün müqavilədəki dəyişikliklər bankın məsuliyyətini dəyişmir. Banklar əsasən layihənin sifarişçisinə (benefisiar) zamini olduğu şəxsin tenderdən sonra müqaviləni bağlaması, avans kimi köçürülmüş vəsaitin nəzərdə tutulmuş müddətlə lazimi istiqamətdə xərclənməsi, müddət üzrə işlərin icrası və tamamlanması, görülən işin keyfiyyətinə dair zəmanət verir. Layihəni sifariş verən şirkət yekunda maliyyə itkiləri ilə üzləşməmək, riskləri minimallaşdırmaq və layənin icrasına rəsmi təminat məqsədi ilə zəmanət məktubunu tələb edir. Çünki, layihə işləri müqavilədə nəzərdə tutulan formada icra olunmazsa zəmanət məbləği qədər vəsaiti bankdan ilk tələbində ala bilir. Daha sonra bank zəmanət məbləğini kreditə kevrilmə şərtlərində göstərilmiş qrafik üzrə müştəridən tələb edir.
Layihələrin monitorinqi nə dərəcədə vacibdir ?
Banklar monitorinq vasitəsi ilə problemlərin ilkin əlamətlərini aşkar edir və müvafiq qərarlar qəbul edir. Monitorinq risklərin idarə edilməsi standartlarının tərkib hissəsi olduğu və bankları gözlənilməyən maliyyə itkilərindən qoruduğu üçün çox vacibdir.
Monitorinq aparmaqla nəyi , necə müəyyən etmək olar ?
Layihələrin monitorinqi zamanı lazim olacaq əsas məlumatlar və sənədlər aşağıdakılardır:
№ | Tələb olunan sənəd, hesabat və ya məlumat | Mütəxəssis nə əldə edəcək ? |
1. | Layihəyə dair bağlanmış müqavilə və əlavələr
|
a) Müqavilədə zəmanət şərtləri və tələblər açıq göstərildiyi üçün işlərin icrasının yoxlanmasına ilkin olaraq buradan başlamalıyıq
b) Əlavələr, məs. layihənin smetası, işlərin görülmə ardıcıllığı, biznes plan və sair. Bu məlumatlar işin gedişatının cari vəziyyətinin çarpaz yoxlanması üçün vacibdir c) Müqavilənin bitmə müddətinədək görülmüş işi ümumi işlə qarşılaşdırıraq zaman və iş arasında əlaqə yaratmaq mümkündür. Ancaq qalan işlərin smetası və işlərin görülmə ardıcıllığı zaman axını və yekun rəyiniz üçün mütləq vacibdir. |
2. | Görülmüş işləri təsdiq edən sənədlər | d) Bunlar əsasən forma2 (hesabat ayları üzrə görülən işlərin hissə-hissə üzləşdirilib aktlaşdırıldığı sənəd), forma3 (forma 2-lərin cəmi), İPC (forma 3-ə bənzər ancaq adətən daha çox məlumatı özündə saxlayan sənəd), üzləşmə aktı , təhvil-təslim aktı və sair). Bu sənədlərdə müqavilə dəyəri, ödənilən avans, avansa görə tutulma, görülən işin dəyəri, keyfiyyətə görə tutulmanı və sair asanlıqla görmək mümkündür.
e) bu sənədlərə baxış zamanı imza və möhürlərin həqiqiliyinə diqqət edilməlidir |
3. | Müqavilə üzrə vəsait köçürülən bank hesabından çıxarış | f) əgər müqaviləyə əlavə dəyişiklik yoxdursa bağlanmış müqavilədə hesab rekvizitləri öz əksini tapır. Həmin bank hesabından çıxarışı əldə etməklə görülmüş işin qarşılığında köçürülən məbləği, vəsaitin köçürülmə tezliyini, dolayısı ilə layihə üzrə debitoru (alacaq), avans və keyfiyyət tutulmalarını qarşılıqlı təsdiq sənədləri ilə uzlaşdırmaq olar.
g) Həmçinin daxil olan vəsaitinin hansı istiqamətdə istifadə edildiyini də asanlıqla görə bilərik |
4. | Əgər layihənin gedişatında gecikmələr varsa və ya şübhələr varsa sonuncu ən yaxin tarixə maliyyə hesabatları, Kredit Bürosundan çıxarış | h) Layihə üzrə işlər nəzərdə tutulan müddətdə icra olunmursa bunun bir neçə səbəbi vardır. İşlərin icrasına gec başlanılıb, benefisiar tərəfindən köçürmələr gecikdirilir, layihə üzrə alınmış avans vəsaiti və ya digər daxil olmalar təyinat üzrə xərclənməyib və ya başqa istiqamətlərə yönləndirilib, ümumi likvidlik problemi, layihənin düzgün idarə edilməməsi, kadr səriştəsizliyi və çatışmazlığı və sair. Hər halda səbəbi müəyyən etmək üçün yuxarıda sadalanan bütün nüanslara diqqət yetirilməli və şirkət təmsilçiləri, layihənin əsas iş icraçısı ilə danışıqlar aparılmalıdır.
i) Mənfəət və zərər hesabatı, balans və nəğd pulun axını hesabatları müəssisənin maliyyə dayanıqlığı və layihələri icra etmə potensialını müəyyən edəcək və daxil olan və xərclənən vəsaitləri çarpaz yoxlamağa köməklik edəcək, debitor və kreditorları təsdiq etmə imkanı yaradacaq |
5. | Müəssisəsnin şəxsi hesab vərəqəsindən və ƏDV depozit hesabından çıxarış, e-qaimə və EHV (elektron vergi hesab faktura) çıxarışı. | j) Görülmüş iş qarşılıqlı təsdiq olunduqdan sonra həmin sənədə əsasən e-qaimə və EHV göndərilir ki, benefisiar pulu köçürə bilsin. Bu göndərişlər müəssisənin vergi sistemindəki hesablarında açıq-aşkar görünür. Yəni, satışı və təqdim olunmuş formaların həqiqiliyini birdaha təsdiq etmiş olariq. |
6. | Təminata dair məlumat və ya əyani baxış | k) Təqdim edilmiş zəmanətin təminatını (likvid vəsait deyilsə) müddətdən və digər şərtlərdən asılı olaraq yenidən qiymətləndirməyə ehtiyac yarana bilər. |
Bank işçiləri hər sahənin incəliklərini bilən peşəkar biznesmenlər ola bilməzlər ancaq əsas tələb olan biznes sahələri üzrə mütləq məlumatlı olmalıdırlar. Sənədlərə istinadən biznesin fəaliyyətinə, layihənin gedişatına yekun rəy vermək şablon analitikanin göstəricisi sayıla bilər. Həmçinin monitorinq mütəxəssisinin özünü sığortalamaq məqsədi ilə daim mənfi rəy verməsi və rəyin zamanla özünü doğrultmaması, onun qeyri-peşəkar olmasından xəbər verə bilər. Odur ki, hər bir sahənin mütəxəssisi öz işi üzrə araşdırmalar aparmalı, yeniliklərə açıq olmalı, daim özünü təkminləşdirməli və gördüyü işin nəticələrini geriyə dönüb nəzərdən keçirməyi bacarmalıdır.
Ramal Əhmədov
KapitalBank / Monitorinq