Hesablamalara görə, Zəngəzur dəhlizi Orta Dəhlizin daşıma qabiliyyətini ildə 8-10 milyon tona qədər artıracaq.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.
O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş rayonlarında yerli və xarici şirkətlərin iştirakı ilə irimiqyaslı infrastruktur layihələrinin icrası davam edir: “Biz Qarabağda avtomobil və dəmir yollarının yenidən qurulmasına, regionun tarixi əlaqəsinin bərpasına sərmayə qoyuruq. Digər prioritet layihə Şərqi Zəngəzur iqtisadi rayonundan Türkiyəyə nəqliyyat kommunikasiyasının yaradılmasıdır. Bu əlaqə nəqliyyat-logistika sektorunun inkişafı üçün böyük imkanlar yaradacaq və Orta Dəhlizin tərkib hissəsi olacaq”.
R.Hümmətov qeyd edib ki, texniki nöqteyi-nəzərdən Zəngəzur dəhlizi daşıma müddətini də əhəmiyyətli dərəcədə azaldacaq: “Bunun sayəsində illik tranzit imkanlarında artım olacaq. Biz birlikdə Orta Dəhlizin bütün potensialını reallaşdırmağa, ticari əlaqənin həyati arteriyası kimi onun davamlı uğurunu təmin etməyə sadiqik”.
“Son iki ayda Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə Çindən 13 blok qatarı göndərilib və görülən tədbirlər sayəsində bu konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Məlumat üçün qeyd edim ki, əvvəllər bu, təxminən 40-50 gün çəkirdi”, – deyə nazir müavini vurğulayıb.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 64% çoxdur.