Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir yolu xətti üzrə işlərin 40 %-i, avtomobil yolunda isə 70 %-i tamamlanıb. Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.
Bunu Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Səudiyyə Ərəbistanı Krallığından olan nümayəndə heyətinin iştirakı ilə Zəngilanda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Zəngilanın davamlı gələcəyinə birbaşa töhfə verəcək 5 əsas inkişaf istiqaməti var: “Bunlar kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat və logistika, turizm və “yaşıl” enerjidir”.
V. Hacıyev bildirib ki, Şərqi Zəngəzurun yenidən qurulması prosesində kifayət qədər çətinliklər olsa da, eyni zamanda böyük imkanlar da var idi: “Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritet idi.
Yenidənqurma səylərinə və məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi olub. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir”.