6 C
Baku
Thursday, December 5, 2024

Zəngəzur, Montrö anlaşması, İstanbul və Süveyş kanalı, Myanmar-bunları nə birləşdirir – Elman Sadıqov

Zəngəzur, Montrö anlaşması, İstanbul kanalı, Süveyş kanalı (Evergreen gəmisinin ilişib qalması), Myanmar… 2020-nin sonundan indiyə qədərki gündəm mövzuları. Bəs bütün bu qeyd olunanları nə birləşdirir?

Yeni Dünya Düzəni qurulur. Bunu hər kəs deyir. Yeni Dünya Düzənində əsas prioritetlərdən biri yeni iqtisadi əlaqələr, yeni iqtisadi birliklər, yeni ticarət əlaqələri. Bunlar da aydındır, dəfələrlə deyilib. Bir də..yeni ticarət və iqtisadi əlaqələr. Yeni iqtisadi əlaqələrin təməli olan ticarət isə yeni ticarət xətləri, marşrutları deməkdir. Marşrutlarda da önəmli nöqtələr kanallardır. Myanmarda Benqal körfəzində Coco (Koko) kanalı, (önəmli qeyd: Myanmarda çevriliş etmiş orduya qarşı etiraz edənlər Çin mağazalarını, şirkətlərini, biznes mərkəzlərini yandırmış və dağıtmışlar), İstanbul boğazı və Montrö Sazişinin gündəmə gəlməsi (yeni “Kanal İstanbul” layihəsi), Süveyş kanalında “Evergreen” gəmisinin “ilişməsi”, Türkiyəni Azərbaycanla, Orta Asiya dövlətləri (və oradan da Çinlə birləşdirərəcək) Zəngəzurdan keçəcək dəmiryol xətləri (bu dəmiryolu xətləri həm də Ermənistanı Gürcüstan marşrutuna alternativ olaraq Rusiya ilə də birləşdirəcək). Deməli, yeni marşrutlar yaranır. Bu marşrutlar hansı marşrut(lar)a alternativ olaraq yaranır? Fars körfəzi ətrafının hazırda heç bir gündəm mövzusu olmaması, İranın Çinlə müqaviləsi, “Şimal Axını 2” layihəsi ilə bağlı barışmaz mövqeləri birləşdirən əsas amil isə Qətər qazının Avropaya nəqlidir. Suriya müharibəsi bu məsələni həll etməyə imkan vermədi.

Deməli, məsələnin həlli üçün növbəti mərhələdə havası nisbi mülayim olan Yaxın Şərqdə istilər yenidən artacaq. Çünki, Qətər qazının (göründüyündən qat-qat dərin olan Qətər-Türkiyə əlaqələri də təsadüfi deyil) Avropaya nəqli əsas strateji məsələlərdən biridir.

Digər məsələ, Çinin Avropa ilə ticarət əlaqələri üçün alternativ marşrutlar axtarışında olmasıdır. Rusiya artmaqda olan Çin təhlükəsini getdikcə hiss etməkdədir. Yəni, güclü Çin həm də gələcəkdə Rusiyanın torpaqları üçün təhlükədir. Rusiya iqtisadiyyatı üçün təhlükədir. Çinin iqtisadi təhlükəsini dərk etmək üçün Çinin iqtisadiyyatlarına ciddi zərbələr vurduğu qonşusu olan ölkələrin iqtisadiyyatlarını öyrənmək kifayətdir. (Çin malı girən ölkələrdə istehsal və emal sadəcə ölür). Haşiyə: Rusiyanın digər strateji səhvi də (bu barədə 2012-ci ildə bir məqalə yazmışdım) Çinə yaxın olan ərazilərdə Çin vətəndaşlarının məskunlaşması, vətəndaşlıq alması və həm də Rusiya vətəndaşları kimi torpaq almalarına göz yumması olmuşdur. Rusiya bunu anladıqca MDB ölkələrində miqrant axınlarına qarşı sərt tədbirlərin yanlışlığını düzəltməyə və şərtləri getdikcə yumşaltmağa çalışacaq.
Rusiya təkləndiyini hiss etdikcə daha sərt və aqressiv mövqe tutur. Çin üzdə Rusiya ilə yaxşı münasibətlərinin olduğunu tirajlasa da, atdığı konkret addımlar bu fikri tam təsdiqləmir. (hazırki dövrdə mətbuatda tirajlanan söz, təbliğat və fikirləri deyil (bunlar 99% yanıldıcıdır), konkret strategiyalara uyğun atılan konkret addımları təhlil etmək və dəyərləndirmək daha doğrudur).
Avropada vəziyyət daha da mürəkkəbdir. Hər nə qədər Çinlə əlaqələri genişlənsə də dəyərlər fərqlidir. Yanaşmalar fərqlidir. Çinə böyüməyə yardım edən ABŞ-ın peşmanlığı hər bir dövlət üçün ibrətdir. Böyük Britaniya amili başqa bir mövzudur.
Avropa məsələyə ehtiyatla yanaşır. Hətta NATO müttəfiqi olan Türkiyəyə münasibətdə hələ də ciddi tərəddüdlər içərisindədirlər. O cümlədən Rusiyaya qarşı.

Bundan sonra nələrin baş verəcəyi ehtimalı var?

Müxtəlif ölkələrin müxtəlif ölkələrə qarşı sanksiya və embarqoları dövrünə qədəm qoymuşuq. Yəni, bu dəfə sanksiya və embarqo qoyan təkcə ABŞ olmayacaq.

İnkişaf etmiş dövlətlər ciddi və incə monetar siyasətlər yürütdülər. İnkişaf etməkdə olan ölkələr haqqında bunu demək olmaz. İnkişaf etməkdə olan ölkələrin bəziləri yanlış siyasət yürütdülər, bəziləri gözləmə mövqeyi tutaraq iqtisadiyyatlarını boğdular (bunun zərərini post-pandemiya dövründə görəcəklər), bəziləri isə iqtisadiyyatlarında nisbətən (inkişaf etmiş ölkələrdəki qədər uğurlu olmasa da) az itki ilə vəziyyətdən çıxmağa çalışırlar. İnkişaf etmiş ölkələrdə isə monetar siyasətin uğurunun tamamlanması bundan sonra yürüdüləcək fiskal siyasətlərdən asılı olacaq. Həmin ölkələrdəki fiskal siyasətləri görən inkişaf etməkdə olan ölkələr də eyni siyasətləri yürütməyə çalışaraq tələyə düşəcəklər. Çünki, pandemiya dövründə elə bir uğurlu monetar siyasət yürütməmişlər ki, fiskal siyasəti uğurlu edə bilsin. Bu mərhələdə inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrdən asılı vəziyyətə düşməyə məcbur olacaqlar. Onların tələblərinə uyğun şərtlərlə borc alaraq və sair. Haşiyə: daraldıcı monetar siyasətlə paralel genişləndirici fiskal siyasətin sonu ya borclanmalardır, ya da ehtiyatların, fondların əriməsi. Təəssüf ki, artıq bəzi ölkələrdə biz bunun şahidi olmaqdayıq.
Yəni, proseslər dərin və ciddidir. Hazırda ölkəmiz də daxil olmaqla heç bir ölkədə baş verən hadisə ya lokal (həmin ölkəyə xas olan), ya da hətta regional deyil. Proseslər qlobal proseslərin, strategiyanın bir parçasıdır.

Həm iqtisadi, həm siyasi sahələrdə gedən bu proseslər hər bir ölkənin (xüsusilə qeyd olunan regionlarda olan ölkələrin talelərinə birbaşa, digər ölkələrin (məsələn, Afrika ölkələrinin) talelərinə isə dolayısı ilə) taleyinə birbaşa təsir edəcək. Sadəcə olaraq, həm də iqtisadi cəhətdən bunlara hazır olmaq lazımdır ki, ölkə proseslərdən uduşla çıxa bilsin.

Haşiyə: Afrika qitəsi isə (Liviya neft amilinə, Misir isə Süveyş kanalı səbəbindən istisnadır və diqqət mərkəzindədir) 2030-cu ildən sonra həyata keçiriləcək daha böyük və alternativ bir layihədir. Demək olar ki, Liviya istisna olmaqla ciddi neft və qaz ehtiyatları olmayan Afrika layihəsi neft və qazın əhəmiyyətinin minimallaşdırılacağı dövrdə həyata keçirilər.

Müəllif:
Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər